Finlandiyanın müdafiə naziri Antti Kaykkonen uşağına baxmaq üçün vəzifəsini müvəqqəti tərk edib.
Bu barədə ölkənin maliyyə naziri, Mərkəz Partiyasının sədri Annika Saarikko özünün “Twitter”dəki hesabından məlumat verib.
Onu əvəzləyəcək iqtisadiyyat naziri Mika Lintila Kaykkonenin olmadığı müddətdə (yanvar-fevral aylarında) iki nazir postunu tutacaq.
Qeyd olunur ki, müdafiə qurumunun rəhbəri övladına baxmaq üçün məzuniyyətə çıxan ilk kişi hökumət naziri olacaq.
Kaykkonnen iki övlad atasıdır; böyüyünün iki yaşı var, kiçiyi altıaylıqdır - iyul ayında doğulub. Siyasətçi qeyd edib ki, işinin vacibliyinə baxmayaraq, ailəni birinci yerə qoymağı bacarmaq lazımdır.
“Biz hələ övladımızı bağçaya göndərməyə hazır deyilik, ona görə də indi ona qulluq etmək üçün daha çox məsuliyyət götürmək növbəsi mənimdir. Uşaqların balacalığı çox sürətlə keçir və mən bunu fotoşəkillərə baxaraq xatırlamaq istəmirəm”, - deyə Finlandiyanın müdafiə naziri bildirib.oxu.az