İordaniyanın Maan şəhərində yüksək rütbəli bir polis məmuru yanacağın yüksək qiymətinə görə ölkə boyu keçirilən etirazlarda güllələnib.
Sitat.info xəbər verir ki, Maan şəhərində gecə saatlarında keçirilən etiraz aksiyasında zorakılıq baş verib. Nümayişçilər yollara qurduqları barrikadaları yandırarkən, müdaxilə edən polisə daş ataraq cavab veriblər.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Polisin verdiyi açıqlamada, komissarın müavini Abdul Razzaq Abdel Hafez Al Dalabehin "bir qrup qanundan kənar" tərəfindən başından vurularaq öldürüldüyü açıqlanıb.
“Ölkənin şərəfini qorumaqdan çəkinməyəcəyik, can və malına hücum etmək istəyən hər kəsi dəmir yumruqla vuracağıq”, - deyə bəyanatda bildirilir. Polis məmurunun öldürüldüyü məhəlləyə əlavə qüvvələr göndərilərkən, şahidlər uzun zirehli maşın karvanının Maana daxil olduğunu bildiriblər.
Paytaxt Ammanın şimal-şərqində, əhalinin sıx məskunlaşdığı sənaye şəhəri Zarqada etirazçılar polislə toqquşub. Şəhərin Cəbəl əl Abyad rayonunda baş verən hadisələr zamanı polis nümayişçilərə gözyaşardıcı qazla cavab verib. Paytaxtın Təfiylə rayonunda onlarla gənc paytaxtla Ölü dənizi birləşdirən əsas magistral yolda (Lut gölü) etiraz aksiyası təşkil edərək təkərləri yandıraraq yolu nəqliyyatın hərəkətinə bağlayıb.
Oxşar mənzərələr ölkənin şimalında, Suriya sərhədinə yaxın bir bölgədə, əhalinin sayına görə üçüncü ən böyük şəhəri olan İrbiddə də yaşanıb.
Digər tərəfdən, İordaniyada yük maşını sürücüləri yüksək yanacaq qiymətlərinə etiraz etmək üçün keçən həftə tətil etmişdilər. Tətillər və etirazlar ölkənin bir çox şəhərlərinə yayılıb. Tətillərdən sonra Maan və İordaniyanın cənubundakı bir sıra şəhərlərdə gərginlik artır.
Seymur Bənnayev
Sitat.info