Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəsini tərk edərək Almaniyaya gələn ukraynalı qaçqınların 26 %-i daimi olaraq həyatlarını bu ölkədə davam etdirmək istəyir.
Bu barədə “Report”un Avropa börosuna Almaniya Federal Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin araşdırma mərkəzi və Alman İqtisadi Araşdırmalar İnstitutundan məlumat verilib.
Sorğuda 11 mindən çox ukraynalı qaçqın iştirak edib. Sorğunun nəticələri ilə bağlı hesabatda Almaniyaya gələnlərin 80 %-nin qadın olduğu, onların 77 %-nin isə həyat yoldaşı olmadan hazırda bu ölkədə yaşadığı qeyd edilib.
Hesabatda bu qadınların 48 %-nin uşaqlarının olduğu, qaçqınların əksəriyyətinin yüksək təhsil səviyyəsinin olduğu göstərilib. Qaçqınların Almaniyada qalıb-qalmayacağının soruşulduğu hesabatda respondentlərin 34 %-i müharibənin sonuna qədər Almaniyada yaşamaq, 11 %-i Almaniyada bir neçə il, 2 %-i isə maksimum iki il qalmaq istədiyini dilə gətirib. Soğru iştirakçılarının 27 %-i isə Almaniyada nə qədər qalacaqlarını bilmədiklərini söyləyiblər. Ukraynalı qaçqınların 26 %-i Almaniyada daimi yaşamaq, ölkələrinə geri dönmək istəmədiklərini bildiriblər. Hesabatda həmçinin vurğulanıb ki, Ukraynadan gələn qaçqınların yarısı artıq alman dili kurslarında iştirak edirlər.
Ukrayandan olan qaçqınların 17 %-nin artıq Almaniyada işlədiyi, 71 %-nin öz peşəsi ilə məşğul olduğunun vurğulandığı hesabatda, qaçqınların 74 %-nin öz şəxsi evlərində və ya qoruyucu ailələrin yanında, yalnız 9 %-nin qaçqın yataqxanalarında məskunlaşdığı bildirilib.
Sorğu iştirakçıları deyiblər ki, qaçqınların Almaniyanı seçmələrinin səbəbi qohumlarının və ya dostlarının 60 %-nin bu ölkədə yaşamasıdır.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildirilib ki, bu ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Ukraynadan Almaniyaya bir milyondan çox qaçqın gəlib.