"Vardanyan zərərsizləşdirilməlidir!" - Hərbi ekspert güc tətbiqindən danışdı

13:33 19 Dekabr 2022

"Aksiya ictimai təşkilatlar tərəfindən təşkil olunub və onun dövlətlə əlaqəsi yoxdur. Təbii ki, aksiyada səsləndirən fikirlər hər bir azərbaycanlını dərindən narahat edir. Ona görə də ictimaiyyət tərəfindən buna böyük dəstək var".

Bu sözləri Sitat.info-ya açıqlamasında Şuşada keçirilən aksiyanın gedişatını dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun  sözlərinə görə, dövlət olaraq hazırda Azərbaycanın güc amilindən istifadə etməyə də haqqı var: "Güc amilinə gəldikdə isə,  erməni silahlılarının ərazilərdən 2 il ərzində çıxarılmaması, ərazilərimizə minalar daşınması və  orada yerləşdirilməsi, erməni silahlılarının və ağır texnikaların bu günə qədər də Qarabağda qalması təbii ki, Azərbaycan tərəfini daha adekvat və təsirli addımlar atmasına vadar edir. Çünki, atəşkəsin pozulması kifayət qədər intensiv xarakter alıb və bu da Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti üçün çox ciddi təhdidlər yaradır".

Ə.Verdiyev vurğuladı ki, ermənilərin revanşit çıxışlarına cavab olaraq, separatçıların liderlərinin zərərsizləşdirilməsi mütləqdir: "Dünən separatçı qurumun rəhbərlərindən biri olan Vardanyanın da səsləndirdiyi fikirlər də birmənalı olaraq Azərbaycana qarşı müharibə çağırışıdır və hesab edirəm ki, Qarabağ ərazisindən silahlıların çıxarılması Azərbaycana qarşı təhdid səsləndirən istənilən şəxsin zərərsizləşdirilməsi və ya həbs olunması üçün zəruri olan bütün addımları atmalıdırlar.

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti