"İKT güzəştlər" paketi Azərbaycan iqtisadiyyatına nə vəd edir? Təhlil

15:57 20 Dekabr 2022

"İKT güzəştlər" paketi xeyli gecikmiş olsa da, çox əhəmiyyətli addımdır. Gələn ildən ölkəmizdə İT sektorda çalışan şirkətlər və mütəxəssislər, o cümlədən xarici vətəndaşlar ciddi güzəştlər əldə edəcəklər. Görünür ki , hökumət son illərdə ölkə daxilində İKT sektorda mövcud olan durğunluğu aradan qaldırmaq və sürətli inkişafa nail olmaq, həm də regionda baş verən relokasiyadan faydalanmaq istəyir" .

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O vurğulayıb ki, regionda relokasiyanın ilkin mərhələsi təəssüf ki, artıq başa çatıb və müharibə bölgələrindən miqrasiya edən İT mütəxəssislərin çoxusu qonşu ölkələrdə məskunlaşıblar: "İstənilən halda, artıq bizdə də gələn ildən İT sektorda çalışmaq istəyən xaricilərdən iş icazəsi tələb olunmayacaq. Beləliklə, hazırda Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə müzakirəyə çıxarılan bir çox qanun layihələrində İKT sektorun inkişafı üçün VERGİ, SOSİAL, GÖMRÜK və MİQRASİYA ilə bağlı ciddi dəstək nəzərdə tutulub. Güzəştlər 10 il müddətinə nəzərdə tutulur. Düşünürəm ki, bu güzəştlərin tətbiqi Azərbaycanın İKT mühitini xeyli cəlbedici edəcək".

O.Gündüz qeyd edib ki, yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək: "Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək. İKT sektorunda, xüsusilədə proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar. Ümumiyyətlə isə, bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək. Hazırda isə bu sahədə ölkəmizdə vəziyyət qonşu ölkələrlə müqayisədə xeyli geridədir. Beləliklə, hökumətin "İKT güzəştlər" paketi gecikmiş də olsa çox əhəmiyyətli addımdır, tez bir zamanda bu güzəştlərin tətbiqinə başlamaq, bu sahədə informasiyalı mühit formalaşdırmaq doğru olardı".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti