"İYİ Partiya sədri Meral Akşener Türkiyədə prezident seçkisi üçün “qazanacaq namizədi irəli sürək” yanaşmasında haqlıdır. Çünki əgər İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyə başçısı Mənsur Yavaş Rəcəb Təyyub Ərdoğanla mübarizədə CHP lideri Kamal Kılıçdaroğludan daha çox səs toplamaq imkanına malikdirlərsə “altılı masa”nın onlardan birinə üstünlük verməsi normaldır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ankarada müxtəlif çevrələrində çoxunun ümumi fikri Meral Akşenerin yanaşmasyıla üst-üstə düşürdü, yəni güclü namizədin irəli sürülməsinə ehtiyac var:
"Əlbəttə, ana müxalifət partiyasının lideri olaraq Kamal Kılıçdaroğlunu da anlamaq olar, iki prezident seçkisində iştirak etmədi, bu dəfə də iştirak etməsə partiyadaşları arasında reytinqi aşağı düşəcək. Ancaq onda gərək Kamal Kılıçdaroğlu “altılı masada” iştirak etməzdi".
E.Şahinoğlu hesab edir ki, əgər CHP lideri “müxalifətin vahid namizədi olsun” prinsipini qəbul edibsə, şəxsi siyasi maraqlarını arxa plana atmaq məcburiyyətindədir: "Müşahidələrimə görə, Ərdoğan-Kılıçdaroğlu yarışmasında birincinin qələbə şansı yüksəkdir, İmamoğlu və ya Yavaş olarsa Ərdoğan üçün çətin olacaq, prezident seçkisinin ikinci tura keçməsi ehtimalı yaranacaq".
Nərgiz,
Sitat.info