Gömrükdə bir yox, iki pəncərə sistemidir - Ekspertdən ETİRAZ

16:50 21 Dekabr 2022

"Gömrük buraxılış məntəqələrində prosesləri ləngidən ciddi bir məsələ hələ də öz həllini tapmayıb. Hazırda gömrük məsələləri gündəmdə olduğundan yenidən bir məqamı diqqətə çatdırmaq istərdim.

Uzun illərdi ki, bizim gömrük postlarında bir deyil, iki pəncərə mövcuddur. Yəni məntəqədə gömrük rəsmiləşdirmələri, Prezident fərmanında qeyd olunduğu kimi "bir pəncərə" prinsipi ilə deyil , "iki pəncərə" prinsipi ilə aparılır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə, ikinci pəncərə Dövlət Sərhəd Xidmətinə aiddir: "Gömrüyün vahid pəncərəsində aparılan bütün əməliyyatlar (avtomobil məlumatları, vətəndaşa aid məlumatlar və s.), təkrarən Sərhəd xidmətçiləri tərəfindən onların "pəncərəsində" də aparılır. Hansı ki, beynəlxalq normalara görə də bu belə olmalı deyil. Əvvəllər DSX-da bildiyim qədər rəqəmsal mühit, transformasiya işləri də çox zəif inkişaf etmiş vəziyyətdə olub. Dataların inteqrasiyası olmadığından proses olduqca ləng həyata keçirilirdi . Əvvəllər DGK və DSX rəhbərləri, generallar tez-tez gömrük postlarında görüşüb müzakirələr aparırdılar. Lakin əvvəlki rəhbərliyin bu problemi həll etməyə, sadəcə gücü çatmadı".

O.Gündüz on uda əlavə etdi ki,  bu məsələ iki qurumun generallarının bir yerə toplaşması ilə də həll olunan məsələ deyil: "Amma görünən də odur ki, DSX və DGK tərəfindən aparılan eynigüclü paralel əməliyyatlar sənədləşmə və sərhəddən keçid müddətini ikiqat artırır. Bu isə əlavə problemlər və narazılıqlar yaradır.

Ümid edirəm DGK rəhbəri Şahin Bağırov bu sektorda aparılan islahatlar və idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində bu problemin də həllinə nail ola biləcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti