Bayramov-Lavrov görüşü necə keçdi: Şuşa-Xankəndi yolundakı aksiyalar dayana bilərmi ?

17:48 23 Dekabr 2022

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün anatomiyası nazirlərin verdiyi açıqlamalar fonunda üzə çıxır.

Beləliklə Rusiya Qarabağ üzrə Ruben Vardanyan kartından imtina edir. Moskva Vardanyanla bağlı başqa plana keçir, lakin Bakı, Ruben Vardanyanın Azərbaycan ərazilərindən çıxmasında israrlıdır. Bununla da Moskva Vardanyan layihəsi ilə vidalaşa bilər.  Lavrovun Vardanyanın üzərindən xətt çəkərək "onun Rusiyaya aidiyyəti yoxdur" deməsi bu arqumenti gücləndirir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Bayramov-Lavrov görüşünü dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib. 

O, vurğulayıb ki,  Vardanyanın Rusiya üçün Qarabağda "ölməsi" hələ o demək deyil ki, Moskva erməni milyonçudan tamamilə əlini çəkir: "Mümkün variantlardan biri budur ki, Vardanyan Ermənistana yola salınsın və Paşinyan üzərində təsir rıçaqlarından biri olsun.  Nazirlərin görüşündə Rusiya sülhməramlılarının statusu haqqında xoşagəlməz ifadələrə yol verilməməsinin müzakirə olunduğu görünür".

A.Kərimov hesab edir ki, Ceyhun Bayramovun qızıl yataqlarının monitorinqinə azərbaycanlı mütəxəssislərin buraxılmamasını Qarabağdakı ermənilərin yaratdığı maneə ilə əlaqələndirməsi təsadüfi deyil: "Lavrov Ermənistanın XİN başçıları səviyyəsində üçtərəfli görüşdən imtina etməsini diplomatik qəzəblə elan etdi, bu, bir növ "sizi gələcəkdə böyük təhlükələr gözləyir" tərzində idi. Əvvəllər dediyimiz kimi, Azərbaycanla Rusiya qızıl yataqlarının istismarında "qızıl orta" tapmağa çox yaxındırlar və bu, Şuşa-Xankəndi yolundakı aksiyaların dayanması ilə nəticələnə bilər".

Siyasi şərhçi əlavə etdi ki, Lavrovun Nikol Paşinyanın sülhməramlıları tənqid atəşinə tutmasına cavab olaraq onun iddialarını əsassız adlandırıb: " Bu, onun da göstəricisi ola bilər ki, Azərbaycanla Rusiya sülhməramlıların fəaliyyətində Bakının xeyrinə dönüş yaratmaq üçün razılığa gəliblər.  Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Rusiyanın iştirak payı çoxalır. Moskva bu məsələdə Bakıya dəstək verməyə davam edəcək".

Seymur,

Sitat.info



Xəbər xətti