İki nəhəng dövlət arasıda gərginlik: Müharibə gözlənilir...

12:35 26 Dekabr 2022

"Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan kovidə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan kovidə yoluxub. Kovid paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki kovid ilkin ştamdan fərqlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub: "Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhəddində son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresinin” özü Çinlə sıx əlaqələrə malik idi.

Hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb".

Politoloq hesab edir ki, sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür: "Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur. Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz kovidin geniş yayıldığı günlərə təsadüf etmişdi".

Nərgiz,

Sitat.info 



Xəbər xətti