Azərbaycanda quru sərhədlər nə zaman açılacaq? - Deputat açıqladı

14:11 28 Dekabr 2022

"Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarının yanvarın 8-dən etibarən ləğvi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu qlobal ticarətə də təsirsiz ötüşməyəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda quru sərhədlərin açılması eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq: "Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Nəzərə alsaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır".

V.Bayramov vurğuladı ki,  quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur: " Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyili tezləşdirə bilər".

Nərgiz,

Sitat.info



Xəbər xətti