Azərbaycan Prezidenti dünən “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Bəs görəsən, yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?
Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı alim, deputat Vüqar Bayramov vurğuladı ki, bu dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır: "Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatıırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.
Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o ştaj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır".
V.Bayramov vurğuladı ki, praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər: "Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".
Məğrur,
Sitat.info