"Başıbəlalı Rusiya sərhəddinə qədər uzanan Bakı-Quba yolunun tikintisinə 2008-ci ildə başlanmışdı, layihənin ilk mərhələsinə 545 milyon 287 min 800 manat xərclənmişdi, yol hazır olandan sonra təmirinə 150 mln. manata yaxın vəsait – yəni, 180 km beton ortüklü yola və 120 km olan hazır asfalt yolların təmirinə ümumilikdə az qala 1 mlrd. dollar pul xərclənmişdi. Bu vəsait hesabına neçə məmurlar, nazirlər xaricdə villalar, obyektlər əldə etmişdilər – bu mənada çox “bərəkətli” yol layihəsi idi".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O vurğulayıb ki, bir neçə il bundan öncə yolu yenidən təmir etməyə, 25 il zamənətli olan beton örtükləri sökərək asfaltla əvəz etməyə başladılar: " Son yenidənqurma və təmir işlərinə və yeni yolun çəkilməsinə nə qədər vəsait ayrıldığını bilmirəm - ən azından, yeni təmir və yol çəkilişi ilə bağlı büdcə məlumatlarını tapa bilmədim, amma məlum olur ki, bu istiqamətdə 67 km-lik yeni yol qovşağı istifadəyə verilir və bu yolda gedişhaqqı pullu olacaq".
İqtisadçı büdcə hesabınə çəkilən yolların pullu olmasını qəbul etmədiyini qeyd edib: "Mənim pullu yollarla bağlı bir etirazım yoxdur, dünyada da bu praktika var, amma dünyada özəl sektor – dövlət (çox zaman dövlət orqanı olan bələdiyyələr) iş birliyi ilə belə yollar çıkilir, nəticədə özəl sektor xərclədiyi vəsaiti geri götürmək, əlavə pul qazanmaq və həmin yolu saz vəziyyətdə saxlamaq üçün cari təmirə pul yığır. Amma bizdə bu yolu büdcə hesabına çəkirlər axı, biz – vətəndaşlar, vergi ödəyərək bu yolun pulunu öncədən vermişik və məmurlar-nazirlər də o pulun bir hissəsini basıb-yeyiblər, yəni, ödədiyimiz yolun pulunu indi bir daha niyə ödəməliyik ki?!"