"Məmləkətdə qanunlar o qədər eybəcər yazılıb ki, minimum əmək haqqı və minimum təqaüd artırılanda buna sevinənlər az, problemləri yarananlar daha çox olur. Bəlkə də 10 ildir ki, müxtəlif ictimai çıxışlarımızda minimum əmək haqqının VÖEN-lə çalışanların sosial vergilərinə (bəli, bu da vergi növüdür) bağlılığının aradan qaldırılmasını, qanunlara 1 cümləlik dəyişiklik edilməsini təklif etmişik. Amma dinləmirlər, nəticədə minimum əmək haqqı artan kimi VÖEN-lə çalışanların, yəni, məntiqlə istənilən ölkədə əsl sabitliyin dayağı ola biləcək kiçik və orta sahibkarların ödənişləri də artır".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, minimum təqaüd artan kimi tələb olunan pensiya kapitalının həcmi də artır: "Qanunvericiliyə görə yığım kapitalı minimum təqaüdün 144 mislinə bərabər qədər olur, yəni, dünənki qərardan sonra yığım kapitalı 40 min 320 manata qalxır, dünənə qədər isə bu 34 min 560 manat idi. Yaxşı, bu qayda dəyişməsə, minimum təqaüd hər il 10-15% artsa (280 manat çox aşağı rəqəamdir, əslində artmalıdır), məsələn, 3-5 ilə 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq, yaxşı, bu həddə çatmaq üçün nə qədər, neçə il işləmək lazımdır ki, normal təqaüd alasan?!"
N.Cəfərli vurğuladı ki, minimum əmək haqqının VÖEN-lə çalışanların DSMF-yə ödənişləri arasında bağlantı qanundan çıxarılmalıdır, minimum təqaüdün yığım kaitalı arasında olan formul yığışdırılmalıdır".
Məğrur,
Sitat.info