"İran hakimiyyəti dərin böhran içindədir. Hakimiyyətin müxtəlif qolları arasında mübarizə getdikcə daha da dərinləşir. SEPAH əlahiddə bir qüvvəyə çevrilib, qanunla müəyyən edilmiş formasından çox kənara çıxıb. Hərbçi qruplaşma siyasi bəyanatlar verib aranı qızışdırmaqda davam edir".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Reaksiya TV-nin efirində səsləndirib.
Onun fikrincə, ümumiyyətlə, SEPAH bir qurum kimi ləğv edilib Müdafiə Nazirliyinə verilməlidir: " Ancaq bunu etmək əvəzinə dini liderə tabe olan, onun qəyyumluğu altında bəslənən bu qurum daha da həyasızlaşır. Başıboş, səviyyəsiz generallar oraya yığışıb, bu cür xəstə təfəkkürlü bəyanatlarla gərginliyi daha da artırırlar".
Q.Hüseynli vurğuladı ki, İranın rəsmi dairələri öz başı üzərində qaralan buludları yaxşı görür, bölgədəki reallıqları qavramağa başlayıblar: " Ən azından bu reallıqları qavrayıb nəticə çıxarırlar. Görürlər ki, Azərbaycanla münasibətlərin gərginləşməsi İran üçün çox böyük problemlərə gətirib çıxaracaq. Ona görə də, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün cəhdlər edirlər. İran XİN rəhbəri Abdullahian Ceyhun Bayramovla danışdı, xeyli məsələləri müzakirə etdilər, iqtisadi məsələlər gündəmə gətirildi. Söhbət Şimal-Cənub dəmiryolunun çəkilməsindən gedir. Eləcə də Azərbaycan ərazisindən İran ərazisinə Araz çayı üzərindən keçən körpünün də əsası qoyuldu".
Nərgiz,
Sitat.info