Xankəndinin deputatı Tural Gəncəliyevi bir dəfə də aksiyada görmədik" Siyasi şərhçi

20:52 12 Yanvar 2023

Laçın yolunda keçirilən aksiya artıq 1 aydır ki, davam edir. Aksiya əsas hədəfinə - yəni faydalı  qazıntı yataqlarının minitorinqinə şərait yaradılmasına nail olmasa da, geniş anlamda prosesi xeyli irəli apardı. Bəs aksiya iştirakçılarının əhatə dairəsi niyə genişləndirilmir?

Sitat.info-ya açıqlamasında bu məsələni dəyərləndirən AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı vurğuladı ki, aksiyada iştirak edənlərin əziyyəti , xidməti çox mühümdür, ancaq bütün bunlar hədəfə çatmaq üçün tam yetərli deyil: "Öncəliklə son bir ayda bu aksiyada xüsusi fəallıq göstərən, bir saniyə belə orada görünən hər kəsə partiyamız adından xüsusi təşəkkür edirik. Burada həm də mənə həmkar olan media mənsublarımızın da fədakarlığını unutmaq olmaz. Hazırda da Xankəndi-Laçın yolunda xeyli sayda jurnalistlər var, gecə-gündüz prosesləri anbaan işıqlandırırlar. QHT rəhbərləri, gənc aktivistlərimiz, müxtəlif təşkilatların təmsilçiləri də böyük fədakarlıq nümayiş etdirməkdədirlər. Onların da hər birinə minnətdarıq. Amma bütün bunlar hədəflərə çatmaq, aksiyanın miqyasının daha geniş olduğunu göstərmək üçün yetirmi sualı versəniz, bu sualı cavablamaq hər kəsə çətin olar. Öz şəxsi düşüncəmə görə yetmir. Hesab edirəm ki, kütləvi şəkildə olmasa da, son bir ayda ictimaiyyət tərəfindən tanınan simalardan orada görünənlər olsaydı, çox yaxşı olardı. Burada günahı da tək onlarda axtarmaq olmaz. Amma azından getmək təşəbbüsü ilə çıxış edə bilərdilər".

C.Abbaslının fikrincə, xüsusilə, deputatlar tərəfindən belə bir təşəbbüs göstərilsəydi, alqışlanacaq addım olardı: "Amma bunun şahidi olmadıq. Adicə bir faktı deyim ki, Xankəndi-Laçın yolunda 31 gündür aksiya gedir, bütün dünyanın diqqəti oraya cəmlənib, ermənilər təlaş içərisindədir, amma bir dəfə də olsun ki, biz Xankəndinin deputatı Tural Gəncəliyevi orada görmədik. İndi də bir işə yaramayıb, nə vaxt yarayacaqsan hörmətli Gəncəliyev? İnsanlar şaxtalı, qarlı havada gecə-gündüz o yolda keşik çəkirlər, amma bu deputat isti kabinetindən çıxmır. Düşünürəm ki, bu cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır. Digər deputatlarla bağlı da, xüsusilə, Qarabağı təmsil edən deputatlar barədə qınanan  mövqelər sərgilənməlidir”.

 



Xəbər xətti