Kreml Vardanyana Ermənistan rəhbərliyini söz verib, Paşinyan da bu plandan xəbərdardır" - Qabil Hüseynli

20:34 12 Yanvar 2023

Ruben Vardanyan - bu avanturist siyasətçi öz ağlı ilə hərəkət etmir, Moskvadan idarə edilir. İnsanlara talon paylayır, göstərməyə çalışır ki, guya burada qıtlıqdır, ərzaq və dərman yoxdur. Yanacaq çatışmazlığı var və guya humanitar böhran yaşayırlar. Bütün bunları etsə də,  Vardanyan təcrübəli adam deyil, o dələduzluqda, pul oğurlamaqda qabağa keçə bilər. Amma böyük siyasətə girişə biləcək adam deyil, o göstərişsiz hərəkət edə bilməz". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Kreml Vardanyana Ermənistan rəhbərliyini söz verib: "Üstəlik ona vədlər veriblər ki, səni Ermənistanda hakimiyyətə gətirəcəyik. Necə ki, Serj Sərkisyan, Robert Köçəryan Qarabağdan Ermənistan prezidentliyinə keçmişdilər. Ancaq əlbəttə ki, bu mümkün deyil. Çünki Nikol Paşinyan bu siyasəti bütün təfərrüatları ilə başa düşüb. Vardanyan Qarabağda mitinq keçirəndə Nikolun həyat yoldaşı onu ələ saldı, istehza etdi ki, adam yığa bilmir, uşaqlardan istifadə edir. Bu faktın özü onlar arasındakı gərginliyi göstərir". 

Q.Hüseynli bildirdi ki, son vaxtlar Nikolun Kremlə qarşı sərt açıqlamalarının kökündə bu səbəb də dayanır: "Ötən gün Paşinyanın toplantı keçirib Rusiyanı yaxşı müttəfiq olmamaqda təqsirləndirməsi , sonra isə KTMT ilə bağlı açıqlamaları, atdığı addımlar , KTMT-nin təlimlərinə icazə verməməsi Rusiyanı şoka saldı. Heç gözləmədiyi vəziyyətlə baş-başa qalıb. Ukrayna ilə məsələni həll edə bilməmiş Rusiya Ermənistandan belə bir zərbə aldı". 

Seymur Bənnayev,

Sitat.info 

 



Xəbər xətti