"Biz aksiyanı elə bir səviyyəyə gətirib çıxartmalıyıq ki, orada öz postlarımızı quraq bilək. Həm gömrük , həm də sərhəd xidmətimiz sülhməramlıların postlarından 200-300 metr aralıda qurulsun və biz yoxlayaq görək o maşınlarda nələr keçirilir. Əsas məsələ bundan ibarət olmalıdır".
Sitat.info xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, monitorinqə icazə veriləcək və bizim qurumlar öz monitorinqlərini aparacaqlar: "Mən elə başa düşürəm ki, onlar bizim aparacağımız monitorinq zamanı onların orada gördüyü qanunsuz işlərin ortaya çıxmasından qorxurlar. Ola bilər orada silah-sursat saxlayırlar. Biz orada nələr baş verdiyini bilmirik. Bəlkə havadan müəyyən görüntülər əldə edilib, hansısa məlumatlar var. Ancaq mən konkret nəsə bilmirəm".
Deputat bir məsələyə xüsusi diqqət çəkdi: "Bu baxımdan çalışmalıyıq ki, öncə sərhəd və gömrük postu məsələsini həll edək və ermənilər Xankəndiyə silah-sursat daşımasın. Bizim ekofəallarımız, aksiyada iştirak edən vətəndaşlar çox əziyyət çəkirlər, qış fəslidir, soyuq aylardır, xəstəlik yayılır. Onlar faktiki qəhrəmandırlar. Biz onları alqışlayırıq. Mən bir millət vəkili kimi gedib onlarla bir yerdə iştirak edə bilərəm. Biz orada böyük bir tələb qoymamışıq. Rusiya sülhməramlıları monitorinqə şərait yaratmalıdır".
V.Əhmədov qeyd etdi ki, Ermənistan isə bu məsələdə sanki yoxdur: " Arxada gizlədib. Bütün işi sülhməramlılar görür, onların komandanı da bu günə qədər ortaya çıxmadı. Bu məsələnin üstünə dövlət səviyyəsində gedilməlidir, biz orada postlarımızı qurmalıyıq. Daha sonra tədricən nəzarətimizi bərpa edib o ərazini götürməliyik ki, proses həllini tapsın".
Məğrur,
Sitat.info