Avropa ölkələrinə enerji böhranı xəbərdarlığı

08:16 10 Aprel 2023

Almaniyada yerləşən ABŞ firmasının araşdırmasına görə, Avropa enerji böhranının nəticələrini hiss etməyə davam edəcək. Ekspertlər enerji qiymətlərinin Rusiya-Ukrayna müharibəsi ilə başlayan böhrandan əvvəlki səviyyələrə qayıtmasını gözləmirlər.

Rusiya-Ukrayna müharibəsindən sonra ən dərin enerji böhranını yaşayan qitə Avropa olub.

Alternativ enerji mənbələrinə üz tutuldu, böyük pullar xərcləndi. Yaşıl enerji hədəflərinə nail olmaq üçün əhəmiyyətli investisiyalar qoyuldu.

Bununla belə, ABŞ-da yerləşən Boston Consulting Group-un son araşdırmasına görə, Avropada enerji böhranı hələ bitməyib.

Araşdırmanın nəticələrinə görə, Avropada enerji qiymətlərinin böhrandan əvvəlki səviyyələrə qayıdacağını güman etmək yanlış ola bilər.

İdxal olunan maye qaz hazırda Rusiya qazından 2-3 dəfə bahadır.

2030-cu ildə Avropada təbii qaz və elektrik enerjisi xərcləri ABŞ və Çin kimi ölkələrlə müqayisədə xeyli yüksək olacaq.

Bu vəziyyət avtomobil sənayesi, kimya sənayesi və tikinti materialları daxil olmaqla bir çox sahələrə təsir etməkdə davam edəcək.

Bütün bu məlumatların sıralandığı araşdırmada Avropanın yüksək enerji qiymətləri səbəbindən struktur olaraq rəqabət qabiliyyətini itirdiyi bildirilir.

Araşdırmaya daxil olan ekspertlərin fikrincə, Avropa bu vəziyyətdən çıxmaq üçün bərpa olunan enerji və yaşıl hidrogen kimi bir çox dayanıqlı texnologiyaları təşviq etməlidir.

Həmçinin bildirilib ki, yaşıl enerjiyə keçid üçün maliyyə dəstəyi göstərilməlidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti