Yaponiya Bayraktar TB2 SİHA-nı sınaqdan keçirəcək

11:59 10 Aprel 2023

Türkiyədə istehsal olunan silahlı dronlara xaricdən tələbat artmaqda davam edir. Texnologiya nəhəngi Yaponiyanın da "Bayraktar TB2 SİHA"-dan sınaq məqsədilə istifadə edəcəyi bildirilib.

Sitat.info xəbər verir ki, Yapon milli mətbuatının məlumatına görə, “Bayraktar TB2”nin Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra bu sahədə Yaponiya ordusunun üstünlükləri siyahısına daxil olduğu qeyd edilib.

Mətbuatda bildirilib ki, Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili büdcəsi çərçivəsində “Bayraktar TB2 SİHA” sınaq məqsədilə istifadə olunacaq və Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən sınaqdan keçiriləcək.

Sınaqlar uğurlu olarsa, Yaponiyanın böyük miqdarda “Bayraktar TB2 SİHA” sifariş edəcəyi və bu sahədə BAYKAR ilə əməkdaşlıq edəcəyi gözlənilir.

Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro də aprelin 1-də BAYKAR-da olub və İdarə Heyətinin sədri Səlcuq Bayraktar ilə görüşüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti