Qətər və Bəhreyn arasında yeni dövr

07:52 13 Aprel 2023

Qətər və Bəhreyn iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi QNA-nın verdiyi məlumata görə, qərar Qətər-Bəhreyn Monitorinq Komitəsinin ikinci iclasının sonunda qəbul edilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ortaq Hüquq və Birgə Təhlükəsizlik komitələrinin ilk iclasının nəticələrinin açıqlandığı Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyində bir araya gələn Qətər Bəhreyn Monitorinq Komitəsində gündəlikdəki məsələlər müzakirə edilib.

Hər iki tərəf münasibətlərin bərpası addımının ikitərəfli münasibətləri inkişaf etdirmək, Körfəz inteqrasiyasını və birliyini dəstəkləmək, dövlətlər arasında bərabərlik, suverenlik, müstəqillik, ərazi bütövlüyü və mehriban qonşuluq prinsiplərinə hörmət etmək qarşılıqlı istəyindən qaynaqlandığını vurğulayıb.

Qeyd edək ki, 2021-ci il yanvarın 5-də Səudiyyə Ərəbistanında keçirilən Əl-Ula sammiti ilə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyndən ibarət ərəb dördlüyü tərəfindən üç ildən çox bir zamanda Qətərə qarşı elan edilmiş boykot sona çatmışdı. Lakin Doha ilə Manama arasında həll olunmamış problemlərin olması səbəbindən diplomatik münasibətlərin bərpası ləngimişdi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti