Tayvan: Adanın ətrafında Çinə aid 26 təyyarə və 7 gəmi aşkar edilib

08:40 13 Aprel 2023

Çin ordusunun ötən həftənin sonunda Tayvan ətrafında başladığı hərbi təlimdən sonrakı günlərdə ada ətrafında hərbi fəaliyyət davam edir.

Sitat.info xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 26 hərbi təyyarə və 7 döyüş gəmisi aşkar edilib.

Nazirliyin açıqlamasına görə, 26 təyyarədən 14-ü tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçib.

6 "SU-30", 2 "J-10", 6 "J-16" döyüş təyyarəsi Tayvan boğazında nominal "orta xətt"in arxasından uçub.

Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusunun başlatdığı 3 günlük hərbi təlimin dayandırıldığını elan etməsindən sonra intensivliyinin azaldığına baxmayaraq, uçuşların və gəmi patrullarının davam etdiyi müşahidə edilir.

Qeyd edək ki, nazirliyin dünən verdiyi məlumata görə, adanın ətrafında 35 hərbi təyyarə və 8 döyüş gəmisi aşkar edilmişdi.

Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başladığını açıqlamışdı.

Üç gün davam edən təlimdə ada ətrafında aprelin 8-də 71 təyyarə və 9 gəmi, aprelin 9-da 70 təyyarə və 11 gəmi, aprelin 10-da isə 91 təyyarə və 12 gəmi görülmüşdü.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti