Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana akkreditə olunmuş yeni nümayəndəsi Bik Lumu qəbul edib.
Sitat.info xəbər verir ki, görüşdə qonağı yeni təyinatı münasibətilə təbrik edən Ombudsman ona ölkəmizdəki fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Daha sonra o, qonağa Ombudsman Aparatı ilə BMT QAK arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib.
S.Əliyeva, həmçinin qadınların, uşaqların, məcburi köçkünlərin, qaçqınların, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətindən danışıb və bu sahədə birgə maarifləndirmə, hüquqi yardım və monitorinq işinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı habelə Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində fundamental hüquq və azadlıqları pozulmuş keçmiş qaçqın və məcburi köçkünlərimizin öz ata-baba yurdlarına təhlükəsiz qayıdışının təmini istiqamətində ölkədə görülən işlər barədə məlumat verib və bununla bağlı beynəlxalq təşkilatların dəstəyinin əhəmiyyətini vurğulayıb.
B.Lum səmimi qəbula görə Ombudsmana öz təşəkkürünü bildirib. O, Ombudsman təsisatı ilə mövcud əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.