“İsrailin ölkəsinin təhlükəsizliyinə qarşı hər hansı hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxaracaq”.
Sitat.info xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi paytaxt Tehranda keçirilən Ordu Günü paradında etdiyi çıxışında deyib. O, İran ordusunu “inqilab əleyhdarı ünsürlərə, təkfirçi qruplara və düşmənlərə qarşı güclü maneə” adlandırıb.
Başda ABŞ olmaqla qeyri-regional qüvvələrin Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olduğunu və bu qüvvələrin bir an əvvəl bölgəni tərk etməsi lazım olduğunu bildirən Rəisi İran Silahlı Qüvvələrinin bölgədə olmasının təhlükəsizliyə töhfə verdiyini müdafiə edib.
Reisi çıxışında İsrail administrasiyasının ölkəsinə qarşı hücum təhdidlərinə toxunaraq deyib:
"Düşmənlər, xüsusilə də sionist rejim bu ölkəyə qarşı ən kiçik bir addımın İran Silahlı Qüvvələrinin sərt reaksiyası ilə nəticələnəcəyi və bunun Hayfa və Təl-Əviv şəhərlərinin dağıdılması ilə nəticələnəcəyi xəbərini alıblar”.
Parad çərçivəsində raketlər, tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, radar sistemləri və hava hücumundan müdafiə raket sistemləri sərgilənib.
Seymur Bənnayev
Sitat.info