Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya, ABŞ və Kanadaya "daxili işlərinə qarışdıqları" səbəbi ilə etiraz notası verildiyini bildirib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, İngiltərə, ABŞ və Kanadanın Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı “təxribatçı” bəyanatlar verərək “yalan” məlumat yaydığı bildirilib.
Bu açıqlamaların qəbuledilməz olduğu vurğulanan bəyanatda Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Clairein nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.
Qeyd edək ki, Rusiyada Britaniya vətəndaşlığı olan müxalif siyasətçi Vladimir Kara-Murza dünən “dövlətə xəyanət” və “Rus ordusu haqqında yalan xəbər yaymaq” ittihamı ilə 25 il həbs və 400 min rubl (təxminən 5 min dollar) cərimə edilib.
Başda İngiltərə olmaqla Qərb ölkələri qərarı pisləyən bəyanatlar verib.
Seymur Bənnayev
Sitat.info