Paşinyan hamıya yalan danışır - Arkov

17:19 21 Aprel 2023

Bu həftə Ermənistan-Azərbaycan nizamlanma prosesi ilə əlaqədar çoxlu hadisələr, bəyanatlar oldu.

Nikol Paşinyan məsələ ilə bağlı son çıxışında bəyan etdi ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin bu bəyanatda əsas məqam yenə də aydınlaşdırılmamış qaldı: Ermənistan “Azərbaycanın ərazi bütövlüyü” ifadəsini deyərkən nəyi nəzərdə tutur? Axı İrəvan dəfələrlə bildirib ki, Qarabağın Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.

Sitat.info xəbər verir ki, “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov Oxu.Az-a açıqlamasında Paşinyanın hamıya yalan danışdığını və həmişə öz dediklərini təkzib etdiyi bildirib.

“Paşinyanın danışdığı boş sözlərdir. Bizə sülh müqaviləsi lazımdır və orada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hansı sərhədlər daxilində tanıdığını dəqiq qeyd etməlidir. Və bu qarşılıqlı prosesdir. Nikol Paşinyan xitab etdiyi auditoriyanın ondan nə eşitmək istədiyini söyləyir. Amma bu yolla, məncə, o özünü gözdən salır, heç kim onun sözlərinə ciddi yanaşmır. Hər kəs Ermənistandan sülh müqaviləsinin müzakirəsində konkret və bənd-bənd öz təsdiqini tapacaq addımları gözləyir”.

Politoloq Paşinyanın şərti Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına da münasibət bildirib.

Vitali Arkov hesab edir ki, əgər KTMT-nin missiyası Ermənistanda yerləşərsə, Azərbaycan bunun əleyhinə olmayacaq:

“Bu təşkilata üzv olan dövlətlərin əksəriyyəti Azərbaycana yad deyil. Və hesab edirəm ki, Moskva bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdırır. Ümumiyyətlə, bu mövzu uzun müddətdir müzakirə olunur və bu ölkədə KTMT missiyasının yerləşdirilməsinin əleyhinə olan Ermənistan olub. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı demarşlarını da xatırlamaq mümkündür”.

Ekspert Avropa İttifaqının Ermənistanda olan missiyasının fəaliyyətinə də toxunub.

Vitali Arkov hesab edir ki, Aİ və KTMT missiyalarının məqsədi fərqlidir:

“KTMT sülh gətirməyə çalışacaq, Avropa İttifaqının Ermənistandakı missiyasının vəzifəsi isə casusluqdur”.

Politoloq fikrinin sonunda qeyd edib ki, bir müddət əvvəl Azərbaycanın KTMT-də müşahidəçi statusu alması da gündəmə gətirilib, hətta bu məqsədlə xüsusi düsturlar da hazırlanıb, lakin Ermənistan bu təşəbbüsləri bloklayıb.



Xəbər xətti