Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Sitat.info-nun məlumatına görə, yarımfinal mərhələsində “Turan Tovuz”u üstələyən “Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak hüququ əldə edib.
Bir həftə əvvəl Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” doğma azarkeşləri önündə keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki cavabsız qol sayəsində qələbə qazanaraq finala adlayıb.
Paytaxt təmsilçisi görüşün ilk dəqiqələrində rəqibin qapısına yol tapsa da, VAR-ın müdaxiləsindən sonra qol hesaba alınmayıb. Bakılıların birinci hissədəki cəhdləri nəticə verməyib. Tovuz təmsilçisi son dəqiqələrə qədər rəqibin təzyiqinə tab gətirməyi bacarıb. Hətta "Neftçi"nin daha bir qolu baş hakimin epizoda VAR-da baxmasından sonra ləğv edilib.
Buna baxmayaraq, paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. Beş dəqiqə sonra isə Kenni Sayef "Neftçi"ni finala daşıyan qola imza atıb.
Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.