Qurban Qurbanov: "Əvəzolunmaz insan yoxdur"

18:34 27 Aprel 2023

"Həyatda, futbolda, məşqçilikdə və bütün sahələrdə əvəzolunmaz insan yoxdur".

Bunu "Report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov digər azərbaycanlı məşqçilərin onun uğurlarını təkrarlamaq ehtimalına münasibət bildirərkən deyib.

51 yaşlı mütəxəssis ölkədə bacarıqlı və istəkli mütəxəssislərin olduğunu vurğulayıb: "İnanın, bu barədə danışmaq mənim üçün çox ağırdır. Həmişə çalışmışam ki, üzərimə düşən vəzifəni daim layiqincə yerinə yetirim. Amma bizdən başqa bunları edəcək birisi yoxdur deyə bilmərəm. Ümumiyyətlə, futbol və idman karyerası elədir ki, hərənin öz dönəmi olur. O gedir və daha sonra başqası gəlir. Mənədək və bizim dövrümüzdə də çox yaxşı baş məşqçilərimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı mütəxəssislər olacaq. Sadəcə, idman elə şeydir ki, burada uğur əldə edən simalar, fərdlər olur. Şükürlər edirəm ki, bu, mənə də nəsib oldu və Azərbaycan reallığında nəticələr qazana bildik. Həmişə yerli məşqçilərimizin ön planda olmasını istəmişəm".

Qurbanov tanıdğı mütəxəssislərin istəkli olduğunu və əziyyət çəkdiklərini söyləyib: "Hazırda "Turan Tovuz"da işləyən Ayxan Abbasov, "Qəbələ"dən Elmar Baxşıyev, "Zirə"dən Rəşad Sadıqov, Aftandil Hacıyev və "Kəpəz"dən Tərlan Əhmədovu misal göstərə bilərəm. Bəlkə kimisə unutdum, xatırlamadım, üzrlü hesab etsinlər. Öz üzərlərində çalışan məşqçilər həddindən artıq çoxdur. Onların haqqında eşidirəm, məlumat da alıram. İstərdim ki, hər şeyi mənim üzərimdə qurmayaq".

Qurban Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.



Xəbər xətti