"Formula 1" üzrə Azərbaycan Qran-prisi başlayır

09:16 28 Aprel 2023

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Sitat.info xəbər verir ki, ilk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq.

Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, təsnifat da gerçəkləşəcək.

51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkiardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. İndiyədək Bakıda qalib gələn sürücü ikinci dəfə bu uğuru təkrarlaya bilməyib.

Azərbaycan Qran-prisinədək "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən almaniyalı britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:05. "Formula 2"də sərbəst yürüş

13:30. "Formula 1"də sərbəst yürüş

15:00. "Formula 2"də sıralama turu

17:00. "Formula 1"də sıralama turu

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

 



Xəbər xətti