“Əksər ölkələrdə məhdudiyyətlər aradan qaldırılır, Azərbaycanda niyə olmasın” - infeksionist
Dünyada bir tərəfdən koronavirusla bağlı tətbiq edilən sərt karantin rejimləri ləğv edilir. Digər tərəfdən isə COVİD-ə yoluxanların sayı artır. “Worldometer” saytının martın 15-i səhər saatlarına olan məlumatına görə, COVİD-19-a yoluxanların sayı 460 187 736 nəfərə çatıb. 393 505 832 nəfər sağalıb, 6 067 674 nəfər isə ölüb. Pandemiya başlanandan ən çox yoluxma ABŞ-da - 81 216 268 , Hindistanda - 42 996 062 və Braziliyada - 29 382 196 qeydə alınıb.
Bir çox ölkələr isə COVİD pandemiyasını artıq bitmiş hesab edir, o səbəbdən də maska, COVİD pasportu tələblərini aradan qaldırıblar.
Azərbaycanda isə son günlər koronavirusa yoluxma sayında xeyli azalma var. Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir.
Ölkədə son sutkada 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb. Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 22 591 vaksin vurulub. Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1132 nəfərdir.
Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra buster doza olunanların sayı 220 224 təşkil edir.
Göründüyü kimi, həm yoluxma sayı, həm də ölüm sayı ötən həftələrlə müqayisədə 3 dəfə aşağı düşüb. Bununla belə, hələ də ölkəmizdə maska və COVİD pasportu tələbi ləğv olunmayıb. Bizimlə söhbətdə həkimlər yaya qədər yoluxma sayının sıfıra enəcəyini bildiriblər. Bildirilir ki, artıq yayda bu qadağaların da ləğv olunması mümkündür.
Nicat Əzimli
İnfeksionist Nicat Əzimli bildirib ki, bir gün ərzində yoluxma sayı çox da, az da ola bilər: “Bu kiçik dəyişikliklərə baxıb, nə isə demək düzgün deyil. Bunlar, sadəcə, rəqəmlərdir. Bizə müraciət edən xəstə sayından görürük ki, artım yoxdur. Demək olar ki, əksər ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması müşahidə olunur. Niyə Azərbaycanda da olmasın? Amma bununla bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Müəyyən müddət gözləmək lazımdır ki, həqiqətən də müsbət dinamika tam möhkəmlənsin və yoluxmalar daha az müşahidə olunandan sonra bu barədə qərarlar ola bilər”.