Dünya çempionatı: Azərbaycan boksçusu bürünc medalı təmin edib

20:47 10 May 2023

Azərbaycan boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Sitat.info-nun məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib.

Bu gün həmçinin 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Maqomed Abdullayev də 1/4 final görüşündə qüvvəsini sınayacaq. Onun rəqibi gürcüstanlı Nikoloz Beqadze olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.



Xəbər xətti