Dünya çempionu 7 yaşlı Fəridin ölümündən danışdı

16:27 14 May 2023

Sitat.info sərbəst güləş üzrə üçqat Avropa, üçqat dünya çempionu və olimpiya yarışlarının bürünc və gümüş mükafatçısı Hacı Əliyevin Yenipress.az-a müsahibəsini təqdim edir:

- Bir az özünüz haqqında danışardınız: idmana nə vaxt başlamısınız?

- Atam güləşçi olub, buna görə də 10 yaşımdan artıq güləşə başladım. Mənimlə paralel qardaşım da məşq edirdi. Əslində idmana uşaq yaşlarımdan başlamışam, ancaq peşəkar olaraq 10-11 yaşımdan etibarən məşğul oluram. Atam qarşısına məqsəd qoymuşdu ki, biz güləşçi olmalıyıq. 11 yaşımdan yarışlarda nəticələrim olurdu. 23 yaşımda ilk dəfə Avropa çempionu və eyni ildə dünya çempionu oldum. Bundan sonra 4 il ardı-arda nəticələrim oldu, Azərbaycanda ən yaxşı idmançı seçildim və bu, məni daha da həvəsləndirdi.

- Bu yaxınlarda 4-cü dəfə Avropa çempionu oldunuz. Deyəsən, bu, Azərbaycan idmanında ilk hadisədir...

- Ölkəmizdə sərbəst güləş üzrə üçqat Avropa çempionu olan 3 nəfər var idi: Namiq Abdullayev, Cəbrayıl Həsənov və mən. Bu dəfə Avropa çempionatına gedəndə dedim ki, bunu dördqat eləmək lazımdır ki, ölkəmizdə ilk olsun, idman tariximizə yazılsın. Allahıma şükürlər olsun ki, bu dəfə də bacardım və 4-cü dəfə Avropa çempionu oldum. Hətta onu deyim ki, rəqibim 1 kq məndən yuxarı olduğuna görə daha çətin idi. Amma yenə də öhdəsindən gəldim və çox sevindim ki, dördqat Avropa çempionu adını qazandım. Bu, hər idmançıya qismət olmur.

- Ümumi komanda çıxışının nəticələri də uğurlu oldu...

- Əlbəttə, bu dəfə də komandamız yaxşı nəticə göstərdi, keçən il də komandamız Avropa çempionu olmuşdu və cənab Prezident komanda olaraq bizi qəbul etmişdi. Bu il də komandamız ikinci dəfə Avropa çempionu oldu. Çox yaxşı nəticə göstərdik, bu gün Avropanın birincisi olmaq böyük uğurdur.

- Adətən, idmançılar qələbələrini kiməsə və ya nəyəsə həsr edir. İdman tariximizə yazılan son qələbənizi kimə həsr etdiniz?

- Əslində bu sualı mənə verən olmamışdı deyə, bu barədə heç danışmamışam. İdmançılarımız hər dəfə qələbə qazananda şəhidlərimizə, qazilərimizə həsr edirlər və ya eləsi olur ki, valideyninə həsr edir. Mən isə kimliyindən asılı olmayaraq, mənim üçün doğurdan sevinən və mənim üçün ürəkdən dua edənlərə həsr edirəm qələbəmi.

- Hacı Əliyevin özünün tələbələri varmı?

- Yox, tələbələrim yoxdur, heç buna vaxt da edə bilmirəm. Amma qardaşım Yaşar Əliyev milli komandanın məşqçisidir və onun tələbələri var ki, vaxtım olduqca onlara məsləhətlərimi verirəm. Eləcə də bütün milli komandanın uşaqları hər zaman yaxınlaşırlar, lazım olanları soruşurlar və gücüm çatdıqca hamısına dəstək olmağa çalışıram. Amma sırf məşqçi kimi fəaliyyətim yoxdur, çünki vaxtım yoxdur, amma gələcəkdə necə olacaq, bilmirəm.

- Sizcə, məşqçidə hansı xüsusiyyətlər olmalıdır?

- Əvvəlcə məşqçilərin təyinatına diqqət etməliyik. Bir var milli komandanın məşqçisi, bir də var klubların. Milli komandanın məşqçisi hər bir tələbəyə istədiyi kimi nəzarət edə bilmir, çünki uşaqlar çoxdur. Milli komandamızın müəllimləri uşaqlara qarşı mehribandırlar, hər bir mövzuda anlayış göstərirlər. Əsas odur ki, məşqçi qarşısındakı tələbənin öz evindəki uşağı kimi xasiyyətini bilsin. Çünku uşaqlarda yanaşma müxtəlifdir. Uşaq var ki, güc qarşılığında tab gətirə bilir, uşaq da var, dözə bilmir. Buna görə məşqçi tələbəsini yaxşı tanımalıdır.

- Yəqin məlumatlısınız: Sumqayıtda baş verənlər hər kəsi sarsıtdı, bir məşqçi 7 yaşlı Fəridin ölümünə səbəb oldu. Bu kadrları yəqin ki, izləmisiniz...

- Açığı, ailəmiz içərisində o videoya baxdıq və çox pis olduq. Məncə, hər tanınmış idmançı və ya keçmiş idmançı gəlib müəllimlik edə bilməz. Bundan yana bizim İdman Nazirliyimiz var, məşqçilərin işə qəbulunu təşkil etməlidir və məşqçi işləmək istəyən hər bir kəs psixoloji durumuna qədər yoxlanılmalıdır. Kimi deyir, narkomaniya ilə bağlıdır, kimisi isə deyir, psixologiyası normal deyil. Mən həmin şəxsi tanımadığım üçün dəqiq nəsə deyə bilmərəm. Ola bilər, kimsə keçmişdə idmançı olub və ya hər hansı bir naliyyəti var, amma bu o demək deyil ki, o, məşqçi ola bilər. Bu, bəlkə də dünyada nadir hadisə idi ki, Azərbaycanda baş verdi. Çox böyük bədbəxt hadisədir və həmin şəxs qanun çərçivəsində öz cəzasını almalıdır.

- Gənc güləşçilərimizə motivasiya olaraq nə demək istərdiniz?

- Gənc idmançılarımıza demək istəyirəm ki, heç bir zaman ruhdan düşməyin. Qələbə əldə edənə kimi uduzacaqsınız, amma bu sizi daha da möhkəmləndirməlidir. Gənc yaşlarımda mənim də uduzduğum vaxtlar olub. Qələbəni əldə etdikdən sonra belə düşünməyin ki, missiyanız bura qədərdir. Əksinə, daha böyük hədəflər qoyun qarşınıza. İdman zalında 100 idmançı məşq edə bilər, amma onların içində seçilən və birinci olmaq istəyirsənsə, hər zaman öz üzərində daha çox çalışmalısan.

- Uduzduğunuz vaxtlar olduğunu da dediniz. Erməni idmançı ilə qarşılaşmısınızmı və uduzmusunuzmu?

- Ermənilərlə çox güləşmişəm və hər zaman qalib olmuşam. Tək bir səfər oldu ki, məğlub oldum. Bunun səbəbi isə odur ki, ağır göz əməliyyatı keçirmişdim. Həmin dönəmdə finala vəsiqə qazanmışdım, rəqibim erməni oldu. Mən güləşməyə bilərdim, çünki həkim əməliyyata görə icazə vermirdi güləşməyə. Sadəcə düşündüm deyəcəklər ki, erməni idi deyə, Hacı güləşmədi. Yanlış düşünməsinlər deyə, yeni əməliyyatdan çıxan gözümlə məcbur döyüşə çıxdım və bu səbəbdən də məğlub oldum.

- Bildiyim qədəri ilə Dövlət Sərhəd Xidmətində kapitansınız. Dövlət işi və eyni zamanda bu qədər məşq çətin deyil ki?

- Mən 2018-ci ildən DSX-nin zabitiyəm və generalımız Elçin Quliyevə öz təşəkkürümü bildirirəm ki, hər zaman sərhəd xidmətinin idmançılarına xüsusi diqqət göstərir və şərait yaradır. Əlbəttə ki, dövlətin əsgəri olaraq iş yerim oradır. Lakin istər təlimlər olsun, istərsə də yarışlar – bizə şərait yaradılır ki, yaxşı nəticələr göstərək.



Xəbər xətti