Türkiyə Super Liqasında XXXIV tura mərkəzi oyunla yekun vurulub.
Sitat.info-nun məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" "Trabzonspor"u qəbul edib. "Ülker" stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mişi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres "Fənərbağça"nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider "Qalatasaray"dan 5 xal ayırır. 48 xalı olan "Trabzonspor" isə 8-ci sırada qərarlaşıb.