2022/2023 "Avrokubok" mövsümü yekunlaşdı. Bu hekayə qaliblər üçün nə qədər unudulmaz olsa da, məğlublar üçün də qorxulu yuxu oldu. Nəzərə alsaq ki, üç məğlubun hamısı "Buzovlar ölkəsi"nin təmsilçisi idi, onda bu daha da acınacaqlı hal alır.
Bəli, finalda məğlub olan komandalar İtaliyanı təmsil edirdilər. Konfrans liqasının ikinci mövsümündə finalistlər top 5 liqanın kollektivləri idi.
Çexiyanın paytaxtı Praqada keçirilən həlledici görüşdə, Londonun inkişaf etməkdə olan, heyyətində bir çox gənc istedad toplayan West ham və Florensiyanın bənövşəyi Fiorentinası. Əslində püşk atma ilə finala gedən yol müəyyənləşəndən sonra bir çoxları məhz finalın adının belə olacağını güman edirdi və bu özünü doğrultdu.
Hərçənd Fiorentina qeyri-sabit çıxışı ilə diqqət çəkirdi. Favorit qismində göstərilən "çəkic döyənlər" isə ümidləri doğrultdu.
Viola isə mövsümü həm kuboksuz başa vurdu, həm də 2023/2024 mövsümündə "avrokubok"lardan kənar qaldı. Avropanın 2-ci dərəcəli turnirində bu mövsüm bir çox top klublar yer alırdı.
"Mançester yunayted", "Yuventus", "Arsenal" kimi klubların turnirdə yer tutması, Avropa liqasının intriqalı keçəcəyindən xəbər verirdi. Amma turnirin 6 qat qalibi olan "Sevilya"nın liqadakı uğursuz çıxışı onları favoritlər siyahısından çıxarmağa əsas vermirdi. Finala gedən yol çətin olsa da, ispanlar turnirdə iddiasını ortaya qoymağı bacardılar. Digər finalçı isə, İtaliyanın paytaxt təmsilçisi, Mourinhonun "canavarlar"ı idi.
Əksər futbol azarkeşləri Konfrans liqasındakı çempionluğun ardından Romanın Avropa liqasını da qazanacağına inanırdılar. Mourinho buna çox yaxin idi. Finalda məğlub olmayan məşqci kuboku hədəfləmişdi. Ancaq futbol ehtimalların alt-üst olduğu, möcüzələrlə dolu bir oyundur. Əndəlüs təmsilçisi finalda bir daha qalib gələrək yeddidə yeddi etdi və Avropa liqasının əsl "kralı" olduğunu sübut etdi. Roma isə Çempionlar liqasına getmək üçün son şansını da, xərclədi və növbəti mövüm yenidən Avropa liqasında mübarizə aparacaq. Avropanın əsas turniri, çempionların mübarizə apardığı Çempionlar liqasında isə finalda İtaliyanı 3 qat Çempionlar liqasın qalibi İnter təmsil edirdi. Həlledici görüşdə Guardiolanın sitisinə məğlub olsa da, "gürzələr"in bu heyyətlə bura kimi gəlməyini də gözlənilməz hesab etmək olar. İtalyanlar üçün nə qədər üzücü olsa da, hər üç finalistin İtaliya komandası olması, İtaliya futbolunun inkişafından xəbər verir.
Üzeyir Xəlilov