İsrail ordusu oktyabrın 7-dən blokadada olan Qəzza zolağında təxminən 30 min yerə hücum etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına baxmayaraq, İsrail ordusu oktyabrın 7-dən bəri 2,3 milyon fələstinlinin yaşadığı Qəzzaya hücumlarını davam etdirir.
Əvvəlki aylarda Qəzzanın şimalına hücumlarını gücləndirən İsrail ordusu, keçən aydan etibarən daha əvvəl "təhlükəsiz" olduğunu iddia etdiyi mərkəzi və cənub bölgələrinə doğru hücumlarını genişləndirib.
Qəzzanı davamlı bombardman edən İsrail ordusu oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Açıqlamaya görə, 7 oktyabrdan bəri Qəzzada 30 minə yaxın nöqtəyə hücum edilib. Bu hücumlarda 9 mindən çox Həmas üzvü öldürülüb.
Oktyabrın 7-dən bu yana Qəzzadan İsrailə 9 min, Livandan isə 2 min raket atılıb.
İsrail ordusu Livan ərazisində "Hizbullah"a məxsus 750 "hədəf"ə hücum təşkil etdiyini bildirib.
HÜCUMLARDA ÖLƏNLƏRİN SAYI 24 MİNƏ YAXINLAŞIB
İsrail HƏMAS-ın hərbi qanadına qarşı hücumlar təşkil etdiyini iddia etsə də, bölgədən gələn xəbərlər və görüntülər bunun əksini ortaya qoyur.
Qəzzada Səhiyyə Nazirliyinin məlumatlarına görə, İsrailin hücumları nəticəsində azı 10 min 300-ü uşaq, 7 min 100-ü qadın olmaqla 23 min 968 fələstinli həlak olub, 60 min 582 nəfər isə yaralanıb.
Dağıntılar altında minlərlə ölü olduğu bildirilir,, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
İsrailin hücumları səbəbindən Qəzzada 1 milyon 900 min insan didərgin düşüb və onların əksəriyyəti müvəqqəti çadırlardan ibarət düşərgələrdə yaşayır.
BMT: QƏZZADA FƏLƏSTİNLİLƏRİN 45 FAİZİ DƏHŞƏTLİ ACLIQDAN ƏZİYYƏT ÇƏKİR
İsrail rəsmisi Qəzzada “ərzaq qıtlığı”nın olmadığını iddia etsə də, beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatları bölgədəki aclığı ortaya qoyur.
Qalmağa yer olmadığı üçün müvəqqəti çadırlarda sağ qalmaq uğrunda mübarizə aparan Qəzzalılar İsrailin hücumları ilə yanaşı aclıqla da mübarizə aparır.
Nərgiz,
Sitat.info