"Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 15,5 % artaraq 1 milyard 515,981 milyon ABŞ dolları olub. Məlumata görə, Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2 % artaraq 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1 % artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2 %-i) olub. Yəni, ilk dəfədir ki, biz Gürcüstandan satdığımızdan çox mal-məhsul almışıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycan Gömrük Komitəsi tamam başqa məlumatlar yayıb: "2023-cü ildə, Gömrük Komitəsinin rəsmi məlumatına görə, Gürcüstanla ticarət dövriyyəmiz cəmi 885 mln. 826 min dollar olub. Və, biz Gürcüstana 759,5 mln. dollarlıq mal satmışıq, Gürcüstandan isə, güya, 126,3 mln. mal-məhsul almışıq".
N.Cəfərli vurğulayıb ki, rəqəmlər arasındakı fərq rəsmiləşdirmədən yayınmanın nəticəsidir: "Hörmətli Gömrük Komitəsi niyə Gürcüstanın rəsmi məlumatları ilə Azərbaycan rəsmi qurumları arasında bu qədər fərq var?! Ticarət dövriyyəsində iki dəfəyə yaxın fərq necə yaranıb? Nəyi gizlətmisiniz, nələri “dal qapıdan” ötürüb rəsmiləşdirməmisiniz?! Bu suallar cavab verən biri tapılacaqmı?! Yaxşı, 5-10 manatdan ötrü mikro, kiçik sahibkarların boğazına çöküb vergilərini 5%-dən 20%-ə artırmaq istəyirsiz, bəs bu statistikada 1 mlrd. manata yaxın fərqə görə niyə izah vermirsiz?!".
Məğrur,
Sitat.info