Kremldən İsrailə ETİRAZ: "Qəzzada humanitar hüququn bütün normaları pozulur"

18:38 26 İyun 2024

Rusiya xarici işlər naziri Sergey Lavrov İsrailin Qəzza zolağında humanitar hüquq normalarını pozduğunu ifadə edərək, "İsrailin burada istifadə etdiyi üsullara qarşıyıq" deyib.

Sitat.info xəbər verir ki, Lavrov Rusiyanın paytaxtı Moskvada keçirilən “10-cu Beynəlxalq Primakov Oxumaları Forumu”nda cari məsələlərlə bağlı açıqlamalar verib.

Yaxın Şərqdəki vəziyyətlə bağlı danışan Lavrov deyib: "Zorakılığın Livana keçməsi riski var. Bunu İsrail rəhbərliyi də açıqladı. Bəzi tələblər irəli sürülüb. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət, o cümlədən İsrailin müttəfiqləri bunu anlayacaqlar. Bu yanaşma zərərlidir”.

Qəzza zolağında vəziyyətin "fəlakətli" olduğunu bildirən Lavrov hesab edir ki, İsrail dövlət olaraq yanlış davranış sərgiləyir: "İsrailin burada istifadə etdiyi üsullara qarşıyıq. İsrail rəsmilərinin istifadə edilən üsulların doğru olduğunu söyləmələri məni çox təəccübləndirdi. İsrailli bir səlahiyyətli də dedi ki, burada heç bir şey yoxdur və oradakı mülki vətəndaşlar, onların hamısı 3 yaşından etibarən terrorçudur". 

Lavrov İsrailin Qəzzadakı vəziyyətlə bağlı dünyanın bir çox ölkəsindən gələn etiraz səslərini eşidəcəyinə ümid etdiyini bildirib.

Qərbin Qəzzadakı vəziyyətə yanaşmasını qiymətləndirən Lavrov deyib ki, burada da ikili standartlar tətbiq olunur: "Yarım il ərzində Qəzzada 35 min fələstinli ölüb, ondan iki dəfə çox fələstinli yaralanıb. Donbasda isə 10 il ərzində müharibədə ölən sivillərin sayı bunun yarısı qədər belə deyil". 

Rusiya XİN rəhbəri bildirib ki, Kremlin İsraillə münasibətləri yaxşıdır və hər şəraitdə Rusiya  İsrailin təhlükəsizliyinin təmin edilməsinin tərəfdarıdır: "Lakin Fələstin dövlətinin qurulması prosesini İsrail illərdir ki, əngəlləyir. İndi isə  Fələstin torpaqlarında dövlət yaradılması fikrini nəzərdən keçirmək belə çətindir”. 

Nərmin, 

Sitat.info



Xəbər xətti