""Azərbaycan Ermənistan və Rusiya tərəfindən imzalanmış 10 noyabr Birgə Bəyannaməsi həm aktuallığını, həmçinin hüquqi qüvvəsini itirib. Çünki 10 noyabr Birgə Bəyannaməsi Ermənistan üzərində öhdəliklər götürmüşdü. Həmin öhdəliklər yerinə yetirilməli idi. Bir neçə bəndi yerinə yetirsə də, digər bəndləri Azərbaycan özü məcbur şəkildə yerinə yetirdi.
Məhz 10 noyabr Birgə Bəyannaməsinin yerinə yetirilməməsində Rusiya maraqlı tərəf idi. Bəyannamənin 9-cu bəndi nəqliyyat yollarının açılması və Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında quru yolun açılmasını özündə ehtiva edir. Bu yola məhz Rusiya FTX nəzarət etməli idi. Ermənistan Rusiyanın bu yola nəzarət etməsinə sonradan etiraz etdi. Həll olunmayan yalnız Bəyannamənin 9-cu bəndi idi".
Bu mövzunu Sİtat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə təhlil edib.
O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizini sülh müqaviləsinin şərtinə salmışdı, ancaq sonradan bu şərt Ermənistan və Azərbaycanın danışıqlari fonunda sülh müqaviləsindən çıxarılaraq sonrakı mərhələyə saxlanıldı: " Bununla da 10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır. Rusiya etiraz edərək 10 noyabr Birgə Bəyannaməsinin aktuallığını saxladığını və Zəngəzur yolunun açılmasını və bu yola nəzarət etməli olduğunu qabardır. Bununla bağlı Azərbaycanla intensiv danışıqlar aparır. Azərbaycanın Zəngəzur yolunu sonrakı mərhələyə salması Moskvanı narahat edir.Moskva istəyir ki, Azərbaycan yenidən bu bəndi sülh müqaviləsinin şərtinə daxil etsin və Rusiyanın bu yola nəzarət mexanizmini gündəmdə saxlasın. Azərbaycanla intensiv şəkildə danışıqlar və Rusiya XİN bəyanatlarından aydın görünür ki, Rusiya Zəngəzur yolunun açılmasında maraqlıdır".
M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan Zəngəzur yolunun hərbi yolla açılmasına getməyəcək: "Çünki bu regionda yeni müharibə deməkdir və Cənubi Qafqazda yeni risklər ortaya çıxacaq. Azərbaycana qarşı Qərbin sanksiyaları işə düşər. Onsuzda Ermənistan bu yolu açacaq. Amma, bu yolda Rusiyanın iştirakını qəbul etmir".
Nərgiz,
Sitat.info