"İsrail ABŞ-a nə qədər lazımdırsa, İran da bir o qədər lazımdır" - Xəyal Bəşirov

13:18 4 Oktyabr 2024

İranın İsrailə dron və raket hücumundan sonra bütün dünyanın diqqəti bu bölgəyə yönəlib. İran tərəfindən qısa zamanda 500-dən çox raketin atılması və İsraildə müxtəlif strateji obyektlərin vurulmasına dair informasiyalar yayıldı. Müzakirə olunan məsələlərdən biri də dağıdılan, məhv edilən ərazilərdən foto-video görüntülərin olmaması idi. Bütün bunlar İranın hücumunun danışılmış bir oyun olması ilə bağlı iddiaların meydana çıxmasına zəmin yaratdı. 

Bəs görəsən İran-israil savaşı bir oyundurmu?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran politoloq Xəyal Bəşirov  bildirib ki, Yaxın Şərqdə və regionda İsrail ABŞ-a nə qədər lazımdırsa, İran da strateji mövqeyinə görə bir o qədər lazımdır: "Bunu belə əsaslandırmaq olar ki, ümumiyyətlə İsrail dövləti dedikdə ABŞ nəzərdə tutulur. Əslində Avropa ölkələri , ABŞ və Britaniya Şərqdə İsraili yaradaraq öz mövqelərini gücləndirdilər, Şərq üçün olan bütün planlarını da İsrail üzərindən qurublar". 


Bəs İran nə üçün lazımdır?

Bu haqda danışan  X.Bəşirov maraqlı məqamlara diqqət çəkib, vəziyyətin heç də göründüyü kimi olmadığını bildirdi: "Düzdür İran görüntü olaraq Qərblə qarşıdurmadadır. Bəs onda niyə indiyə qədər İran məhv edilmir? Ona görə ki, İran ümumilikdə türk dövlətlərinin, türk coğrafiyasının birləşməsinin qarşısını alan təbii bir "qala"dır. Eyni zamanda İran İslam dünyasında Qərbə lazım olan müxalif bir qüvvədir. Çünki İran yeganə şiə dövlətidir, amma digər müsəlman dövlətlər sünnilərdir . Yəni, faktiki olaraq İranın digər müsəlman dövlətləri ilə vəziyyəti gərgindir- Türkiyə ilə, İraqla, Pakistanla və sair. Buradan anlamaq olur ki, bu səbəblərdən İran Qərbə lazımdır. Lazım gəldikdə müsəlmanlara qarşı, lazım gələndə isə Türk dünyasına qarşı istifadə edilir. Beləliklə demək olar ki bu qarşıdurmalar sadəcə görüntü xatirinədir. Eyni zamanda  İranın  Amerika silahlarına sahib ola bilməsi buna kiçik nümunədir".  

Politoloq son söz olaraq vurğuladı ki, İran- İsrail müharibəsini gözləmək sadəlöhvlükdür.

Ceyran İsmayılzadə,

Sitat.info



Xəbər xətti