"Qafqazda sülhə nail olmamağımızın əsas səbəbi şübhəsiz ki, Ermənistan hakimiyyətinin tutarsız çıxışlarıdır. Biz çox yaxşı bilirik ki, Ermənistan baş naziri Nikol Paşinyan əməldə başqa, sözdə isə başqa hərəkətlər edir. Yəni, siyasi ikiüzlülüklə məşğul olur".
Bu sözləri Sitat.info-ya öz açıqlamasında politoloq Kazım Kazımov deyib.
O bildirib ki, hazırda Paşinyan Fransa səfərindədir və baxdığımızda Fransa sülhün önündəki ən böyük əngəllərdəndir: "Emmanuel Makron sırf erməni lobbisinin daxili dəstəyini qazanmaq üçün və özünü kiçik Napoleon hiss etdiyi üçün illərdir ki, Cənubi Qafqazda sülhün olmaması uğrunda bədnam əməllərini davam etdirir. Belə olan təqdirdə, əgər Nikol Paşinyan sülhü arzulayırsa, buna uyğun addımlar atmalı, Azərbaycanl, qardaş Türkiyə ilə münasibətləri normallaşdıracaq hərəkətlər etməlidir”.
Politoloq Paşinyanın demokratik kimi təqdim etdiyi xislətinin altında əslində işğalçı, müharibə sevər birinin yatdığını qeyd edib və həmçinin arxasında böyük dövlətlərin maliyyəsinin də olduğunu vurğulayıb: "Nikol Paşinyanın sülh prosesinə heç bir qatqısı yoxdur. Bu günə qədər bu prosesdə uğurlu addımlar əldə olunubsa bu sırf Azərbaycanın addığı addımlara görədir".
Azərbaycanla Ermənistan arasında illərdir aparılan danışıqların nəticəsiz qalması ilə bağlı danışan politoloq Oqtay Qasımov isə açıqlamasında bildirib ki, hazırda Qafqazda sülhə mane olan əsas səbəb bölgədə gedən geopolitik rəqabətdir: "Ukrayna-Rusiya savaşı başlanandan sonra Cənubi Qafqazda Qərb və Rusiya arasında geopolitik rəqabət qızışıb və hal-hazırda Qərb Ermənistan üzərində bölgədə nəzarəti ələ keçirməyə çalışır. Məhz beynəlxalq və regional oyunçuların fəaliyyəti nəticəsində Qafqazda sülhü əldə etmək hələlik mümkün olmur. Bu prosesdə Ermənistanın alət kimi istifadə edilir. Heç təsadüfi deyil ki, 4 il əvvəl kapitulyasiya aktına imza atmış Ermənistan artıq başqa cür çıxış edir və prosesi uzatmaqla, eyni zamanda Qərbdən verilən dəstəklə silahlanmaqla, revanşist planlarını yenidən həyata keçirməyə can atır. Hesab edirəm ki, bölgədə sülhün əldə olunmasına mane olan əsas qüvvə ABŞ, Fransa, digər Qərb strukturları, o cümlədən Hindistan, İran və digərləridir. Bu qüvvələrin səyi nəticəsində Ermənistan silahlandırılır və sülh prosesindən uzaqlaşdırılır”.
O.Qasımov əlavə edi ki, Ermənistan Amerikanın təlimi ilə Azərbaycanı yarımçıq sülh müqaviləsi imzalamağa sövq etmək istəyir: " Azərbaycan, təbii ki, bunu qəbul etmir və bu addımı atmayacaq. Çünki Azərbaycanın mövqeyi birmənalıdır. Ermənistan konstitusiyası və qanunvericilik aktlarında Azərbaycana qarşı yer almış ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalı, konstitusiya dəyişdirilməli və ATƏT-in Minsk qrupun hüquqi cəhətdən buraxılması ilə bağlı Ermənistan Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir. Bu tələblər yerinə yetirilməyənə qədər, təbii ki, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq”.
Fatimə,
Sitat.info