Bakını sıxlıqdan və tıxaclardan necə xilas edək? Ekspertdən ÖNƏMLİ AÇIQLAMA

15:21 8 Oktyabr 2024

Əhalinin sıx məskunlaşması, kənarda yaşayan insanların belə iş və ya təhsillə bağlı hər gün şəhərin mərkəzinə üz tutması paytaxtın ən ciddi problemlərindən biridir. Bu problem məktəblərdə, bağçalarda sıxlıqdan tutmuş yollarda tıxaclara qədər özünü hər yerdə göstərir. Bəs bu problemdən çıxış yolu nədir? Əhalini paytaxtdan köçürmək, yoxsa paytaxtı köçürmək? Tıxacların qarşısını almaq üçün həll yolu nədir?

Son vaxtlar ən çox müzakirə olunan məsələ ilə bağlı Sitat.info-ya danışan nəqliyyat eksperti  Eldəniz Cəfərli  bildirdi ki, Bakı şəhərində yaşayan, işləyən insanların sayı 5 milyondan artıqdır: "Eyni zamanda il ərzində ölkəmizə 1 - 2 milyon civarında qədər turist səfər edir. Bunları nəzərə aldıqda əlbəttə ki, sıxlığın, tıxacın olması normaldır".

Ekspert mövcud durumun səbəblərini belə izah edib: "Ölkə iqtisadiyyatının böyük əksəriyyəti Abşeron və Bakıda cəmləşib. Amma öz fikrimə qaldıqda əhalinin köçürülməsinin tərəfdarı deyiləm və bu mümkün də görünmür. Sadəcə Bakının yükünün azaldılması istiqamətində addımlar atıla bilər. Bunlardan birincisi  irimiqyaslı tədbirlərdir. Biz çalışmalıyıq ki,  beynəlxalq tədbirlər digər şəhərlərdə həyata keçirilsin. Bundan başqa ölkəmizin digər səfalı güşələrindən birində, özəlliklə beynəlxalq hava limanı olan şəhərlərdə akademik şəhər yaratmaq olar. Həmin yerdə 50 min,100 min civarı müəllim və tələbə  həm təhsillə məşğul olacaqlar, həm də orada yaşayacaqlar. Son olaraq bir sıra istehsal müəssisələrini Bakı şəhərindən digər şəhərlərə köçürmək olar". 

Ceyran İsmayılzadə,

Sitat.info



Xəbər xətti