Nüvə müharibəsi yaxınlaşır: Böyük güclər dünyanın məhvini gözə alacaqmı?

16:12 8 Oktyabr 2024

Bu gün dünyada nüvə münaqişəsi riski yenidən artır.  Ukraynada başlayan hərbi əməliyyatlar dünyanı mümkün nüvə fəlakətinə daha da yaxınlaşdırdı.

Eyni zamanda Yaxın Şərqdə baş verənlər səbəbindən İsrail və İran arasındakı gərginlik də  nüvə təhdidlərini aktuallaşdırıb.

Bəs dünyada nüvə savaşı dövrü başlaya bilərmi? Hazırda təhdid dili üçün istifadə olunan nüvə münaqişəsi ifadəsi gerçəkləşə bilərmi?

Bu haqda Sitat.info-ya danışan politoloq Amid Əliyev danışır ki, artıq dünyanın bir sıra bölgələrində lokal və regional münaqişələr başlayıb: "Çox maraqlı faktdır ki, münaqişə edən dövlətlərin çoxunun nüvə silahı var. Əgər diqqət yetirsək, Rusiya ilə Ukrayna müharibəsində Rusiyanın nüvə silahları var. Eynilə Ukraynanı dəstəkləyən bəzi Qərb ölkələrinin nüvə silahları mövcuddur. Yaxın Şərqə diqqət yetirsək İsrail- İran münasibətlərində də eyni səbəbləri göstərmək olar. Çinə qarşı edilən siyasi, iqtisadi təzyiqlərdən də görürük ki, Çinin də nüvə silahı var. Görünən odur ki, nüvə silahı olan ölkələr bu müharibələrdə daha çox üstünlük əldə etməyə çalışırlar və öz diqtələrini nəinki müharibə zonasında, eyni zamanda diplomatiya sahəsində masa üzərindən bunu həyata keçirirlər". 

Nüvə silahının nə zaman işə düşəcəyi məsələsinə gəldikdə,  A.Əliyev vurğulayıb ki, bunu söyləmək bir qədər çətindir: "Çünki bir nüvə başlığının dünyaya atılması artıq dünyanın məhvinə gətirib çıxara bilər. Fərqi yoxdur bunu Rusiya, ABŞ, yoxsa Çin, yaxud digər nüvə silahına malik olan dövlətlər edəcək. Əgər bu addım atılsa, deməli dünyanın sonudur. 1945-ci ildə Yaponiyaya atılan nüvə silahlarından sonra dünya ictimaiyyətinin qarşılaşdığı o problemlərə nəzərə salsaq, nüvə silahının tətbiqindən sonra  insanların hansı fəsadlarla qarşılaşdığını və nüvədən sonra dünyanın halını görmüş olarıq. Mən hesab edirəm ki,   nüvə silahının istifadəsi mümkün olmayacaq. Heç bir dövlət digər dövlətə qarşı bunu istifadə etməyəcək. Bu sadəcə güc- qüvvə nümunəsidir, bu sadəcə öz gücünü masada ortaya qoymaq üçündür. Əgər belə bir addım atılıb nüvədən istifadə edilsə, bu qarşılıqlı olacaq. və sonda dünyanın məhvinə gətirəcək". 

Ceyran İsmayılzadə,

Sitat.info



Xəbər xətti