Azərbaycanda uşaq pulu məsələsi uzun illərdir ki, müzakirə olunan mövzulardan biridir. Getdikcə doğumların azalması, dünyaya gələn uşaqların sosial təminatında yaşanan problemlər bu məsələnin də gündəmdə saxlayır. Bəs hazırkı vəziyyət necədir və bu mövzuda hansı real addımlar atıla bilər?
Mövzu ilə bağlı Sitat.info- ya danışan iqtisadçı ekspert Xalid Kərimli uşaq pulunun verilməməsinin tərəfdarı olduğunu bildirdi: "Uşaq pulu o ölkələrdə verilməlidir ki, orada əhalinin təbii azalması baş verir. Digər bir halda isə, yaş strukturunda yaşlı əhalinin sayı artdığı zaman uşaq pulu verilməlidir. Ölkəmizdə nə əhalinin təbii azalması baş verir, nə də əhalinin yaş strukturunda qocaların sayı çoxdur. Əksinə, gənclərin sayı yetərincədir".
X.Kərimli hesab edir ki, hazırda əsas problem gənclərin iş yeri tapmaqda çətinlik çəkməsidir ki, artan doğulan uşaqların sayının artması bunu daha da dərinləşdirir: "Bizdə əsas problem gənclərin iş yerləri ilə təmin edilməsidir. Belə hal olduqda isə valideynlərə uşaq pulu verib, uşaqların sayını artırmaq lazım deyil. Hökumətin artıq pulu varsa, bu pul fərdi sosial müavinətlərə yönləndirilməlidir. Bu sektorda imkanlar genişləndirilməlidir. Nəzərə almaq lazımdır ki, uşaqla bərabər böyük də yemək yeməlidir. Yoxsul və maddi gəliri aşağı olan ailələrə daha çox yardım edilməlidir”.
İqtisadçı vurğulayıb ki, uşaq pulun bizim ölkədən çox, müharibə gedən ölkələrdə yaşayan əhaliyə, eyni zamanda əhalisinin sayı azalan ölkələrdə verilməlidir: "Pul bütün ailələrə verilməkdənsə, ehtiyac sahiblərinə verilsə daha yaxşı olar".
İqtisadçı ekspert Natiq Cəfərli isə Sitat.info-ya açıqlamasında prosesin mərhələli şəkildə aparılmasının vacibliyini vurğulayıb: “Bir neçə il bundan öncə təklif etdik ki, təqribən ayda 100 manat olmaqla ikinci uşaqlara uşaq pulunun verilməsinə başlanılsın. Ölkədə 2 milyon 800 min uşaq və yeniyetmə var. 2-ci uşaqların sayı daha çoxdur. Təqribən 900-dən çox ailədə ikinci uşaq var. İlkin addım kimi 2-ci uşaqdan başlayaraq 100 manatın verilməsi daha məqsədə uyğundur və bu büdcə üçün də böyük yük olmaz. Sonrakı addımlarda artıq 3, 4 və çox uşaqlı ailələrə pul verilməsini müvafiq qaydada hesablama şərti ilə mümkündür”.
Tehran Yusifli,
Sitat.info