Bu günlərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 103 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) arasında məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunub. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlayıb, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapıb. Məhz bu müqavilə Cənubi Qafqazın o dövr üçün mənzərəsini açıq şəkildə ortaya qoyaraq mühüm bir tarixi mərhələ yaradıb.
Sitat.info-ya mövzu ilə bağlı açıqlama verən deputat Hikmət Babaoğlu da vurğuladı ki, Qars müqaviləsi müasir Azərbaycanın inzibati-siyasi sərhədləri içərisində Naxçıvan Muxtar Respublikasının da mövcudluğunu təmin edən əsas beynəlxalq hüquqi sənəddir: "Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın Azərbaycanın tərkibində qalması həm Ermənistan, həm Gürcüstan, həm Rusiya Federasiyası, həm də Türkiyə tərəfindən tanınır. Qars müqaviləsindən əvvəl imzalanmış bir sıra sənədlərdə Türkiyə Cümhuriyyətinin müəyyən əraziləri və Naxçıvan mübahisəli ərazilər kimi göstərilirdi. Ancaq 1921-ci il oktyabrın 13-ündə imzalanmış Qars müqaviləsində bu mübahisələrə son qoyuldu.
O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti işğal edilmişdi, Ermənistan, Gürcüstan, Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası kimi vahid hüquqi subyekt formasında çıxış edirdilər. Bütün bunlara baxmayaraq, ermənilər böyük israrla Naxçıvanın Ermənistana verilməsini tələb edirdilər. Belə bir vəziyyətdə qardaş Türkiyyənin dəstəyi, Kazım Qarabəkir paşanın qətiyyəti və Behbud Ağa Şahtaxtinskinin diplomatik səyləri və əzmi sayəsində Naxçıvan Azərbaycanın tərkibində qaldı. Bu dövrün hadisələrinə baxsaq görərik ki, burada iki mühüm məsələ önə çıxır. Bir tərəfdən ermənilər beynəlxalq sənədə imza ataraq özlərini dövlət kimi təsdiq etdikləri üçün sevinirdilər, digər tərəfdən erməni radikalları Rusiyanı ittiham edirdilər. Radikallar deyirdilər ki, Rusiya qətiyyət göstərmədi və Naxçıvan Azərbaycanın tərkibinə verildi, Rusiya Türkiyəyə, Azərbaycana güzəştə getdi. O vaxt Rusiya Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) adlanırdı. Belə mürəkkəb vəziyyətdə ermənilər öz ənənəvi, klassik peşələrinə və ən yaxşı bacardıqları işə qol qoymağa çalışırdılar. Yəni, Azərbaycanın torpaqlarını oğurlamaq istəyirdilər, ancaq buna nail ola bilmədilər”.
H.Babaoğlu hesab edir ki, Qars müqaviləsinin tarixi əhəmiyyəti böyükdür: "Bu müqavilə Naxçıvanın Azərbaycanın hazırkı ərazisinin tərkibində olmasını təmin edir. Qars müqaviləsindən sonra ermənilərin Naxçıvanı tərk etməsi, Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi tanınması üçün yaxşı bir zəmin yaratmış oldu. Qars müqaviləsinin bu konteksdə əhəmiyyəti çoxdur. Türkiyə-Azərbaycan münasibətlərinin 100 illik tarixinə diqqət etsək görəcəyik ki, indi olduğu kimi 100 il əvvəl də Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri,"bir millət, iki dövlət fəlsəfəsi", konkret belə bir tezis olmasa belə məzmun etibarilə var idi və iki ölkə sinxron davranmağı bacarırdı. Necə ki, bu gün də bu belədir”.
Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu isə Qars müqaviləsinin imzalandığı tarixi şəraiti belə təsvir edir:
"Birinci Dünya Müharibəsindən sonra dünyada yeni geosiyasi vəziyyət yarandı. Müharibənin nəticəsində 3 imperiya- Rusiya, Osmanlı və Avstriya-Macarıstan dağıldı. Osmanlı imperiyasının yerində Türkiyə Cümhuriyyəti qurulurdu. Keçmiş Rusiya imperiyasının yerində isə bolşeviklər çevriliş edərək sosialist bir dövlət qururdular. Rus imperiyasının illərdir Osmanlı Türkiyəsinə qarşı düşmən mövqedə müharibə aparmasına baxmayaraq, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk ilə bolşevik lideri Lenin arasında razılaşmalar var idi və bir-birinə dəstək də ifadə edirdilər. Qars müqaviləsi də belə bir şəraitdə imzalandı. Cənubi Qafqazda da eyni zamanda vəziyyət dəyişmişdi. Bolşevik Rusiyası Cənubi Qafqaz ölkələrini işğal etmişdi.
Bu çərçivədə bolşevik Rusiyası Türkiyə Cümhuriyyətinin sərhədlərini, Türkiyə də bolşevik Rusiyasının sərhədlərini tanımaq məcburiyyətində qaldı. Bu o zamankı geosiyasi vəziyyətə uyğun verilmiş qərar idi. Çünki başqa alternativ yox idi. Beynəlxalq aləmdə geosiyasi vəziyyət yenə dəyişir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, Cənubi Qafqazda baş verən dəyişikliklər - Azərbaycan öz ərazilərini işğaldan azad etməsi və sair. Ancaq Qars müqaviləsi hələ də işləkdir. Türkiyə Cümhuriyyətinin sərhədlərinə heç kim iddia edə bilməz”.
Aytac Baxış,
Sitat.info