Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiyadan qayıdarkən jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) proqramına müntəzəm dəyişikliklər edilir:
“Bununla yanaşı, idarəetmə mexanizmlərində və partiya daxilində də bəzi dəyişikliklər ola bilər. Həmçinin partiyanın sədr müavinləri arasında da dəyişikliyin olması mümkündür. Yeni dönəmdə sədr müavinlərinin fəaliyyəti ilə yanaşı, hökumətin də işinə yönəlik qiymətləndirmələr aparacacağıq. Hökumət kabinəsində də bəzi dəyişikliklər ola bilər".
Bundan əvvəl Türkiyədə üç nazir müavini- müdafiə, təhsil və səhiyyə nazirinin müavinləri istefaya göndərilmişdi. Onlar yeni kadrlarla əvəzlənmişdi.
Xüsusilə müdafiə nazirinin müavinin istefaya göndərilməsi gələcəkdə milli müdafiə naziri Yaşar Gülərin də vəzifəsindən azad edilə biləcəyi ilə bağlı ehtimalları artırmışdı. Çünki Türkiyədə hərbi akademiyanın məzun günündə leytenantların qılınc çıxararaq “Musfata Kamal Atatürkün əsgərləriyik” demələri ölkədə gündəmin əsas mövzularından birinə çevrilmişdi. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın başlanacağı qeyd olunmuşdu. Bunun fonunda milli müdafiə naziri Yaşar Gülerin istefaya göndəriləcəyi barədə iddialar yayılmışdı.
Bu baxımdan gələcəkdə Y.Gülərin də istefaya göndərilməsi istisna deyil.
Həmçinin Türkiyənin səhiyyə naziri Kemal Memişoğlunun da yeni kadrla əvəzlənməsi ehtimalı var. Çünki bir müddət əvvəl sələfi Fəxrəddin Kocanın yerinə təyin edilən K.Memişoğlu ən azından ictimai fiqur kimi etimadı doğrulda bilmir.
Ekologiya və təbii sərvətlər naziri Murat Kurum da yeni vəzifəyə təyin oluna bilər. Yada salmaq yerinə düşər ki, o, 2018-ci ildən 2023-cü ilə qədər bu vəzifəni icra edib. 2023-cü ildə deputat seçilib. 2024-cü ildə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə namizədi olub.
M.Kurum 2024-cü ildə yenidən nazir postuna təyin edilib. O, hökumətdə Ərdoğanın ən çox etibar etdiyi kadrlardandır. Bu mənada gələcəkdə M.Kurumun daha strateji bir vəzifəyə təyin olunması və bununla əlaqədər olaraq hazırkı vəzifəsindən azad edilməsi mümkündür.
Kənan Novruzov
Xüsusi olaraq Sitat.info üçün...