Fransa Yaxın Şərq savaşını bitirməyə "çalışır": Makronun vasitəçilik yalvarışları havada qalır...

15:36 14 Oktyabr 2024

"Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün “mən də varam” deməyə çalışır. O bir tərəfdən İsrailin Livanı bombalamasını pisləyir, İsrailə silah satışını dayandıracağını bəyan edir, o biri tərəfdən İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək onun könlünü almağa çalışır, Tel-Əvivin xoşuna gəlmək üçün “Hizbullah” İsrail ərazisinə raket zərbələrini dayandırmalıdır” açılamasını səsləndirir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu Taleyranın hiyləgər xarici siyasətindən gələn ənənədir: "Makron Livanın sözdə “qayğısına” ona görə qalmağa çalışır ki, bu ölkə Fransanın keçmiş koloniyasıdır. O bununla demək istəyir ki, koloniyasındakı gərginlikdən narahatdır. Halbuki, Hizbullah-İsrail müharibəsi nəticəsində Livan və paytaxt Beyrut yerlə-yeksan olub, minlərlə insan həlak olub və Fransa heç nə edə bilmir. Makron eyni zamanda İsrailin əleyhdarı kimi də görünmək istəmir".

E.Şahinoğlunun fikrincə, Makronun iranlı həmkarı Məsud Pezeşkiana telefon zəngi eyni siyasətin tərkib hissəsidir: " Makron İranın bölgədəki gərginliyi azaltmaqla bağlı Pezeşkiana çağırış edib. Makron bununla demək istəyib ki, Tehran İsrailə qarşı savaşan qrupları sakitləşdirsin. Buna cavab olaraq Pezeşkian Makrona deyib ki, Fransa və digər Avropa dövlətləri İsraili genosidə son qoymağa məcbur etsinlər. "Bu sionistlər heç bir humanitar çərçivəyə və beynəlxalq qanunlara əhəmiyyət vermədiklərini göstərirlər və öz cinayətlərini həyata keçirirlər” deyən Pezeşkian Makrondan qəti addımlar tələb edib. Məsələ burasındadır ki, bu gərginliyə nə Makron, nə də Pezeşkian son qoya bilər. Makronun səlahiyyətləri Fransa, Pezeşkianın səlahiyyətləri isə öz iqamətgahıyla məhdudlaşır".

Nigar,

Sitat.info

 



Xəbər xətti