Uşaq bağçaları və məktəblərdə tüğyan edən virus infeksiyaları: Qrip peyvəndinin faydası varmı?

18:25 14 Oktyabr 2024

Son günlərdə mövsümün dəyişməsi, havanın soyuması ilə əlaqədar olaraq əhali arasında  yoluxucu xəstəliklərin yayılması intensivləşib. Xüsusən də uşaq bağçaları və məktəblərdə azyaşlılar arasında xəstəliklər artmaqdadır.

Mövzu ilə bağlı Sitat.info-ya danışan həkim-terapevt Etibar Süleymanov bildirib ki, xəstəlik yuxarı tənəffüs yollarından başlayır: "Qrip virusu hava-damcı infeksiyalarına aiddir, hava, damcı yolu ilə yoluxa bilir. Bütün kəskin respirator xəstəliklərdə olduğu kimi burada da, əsasən yuxarı tənəffüs yolları, yəni burun, ağız boşluğu, qırtlaq,  bronxlara qədər zədələnə bilir. Əlamətləri 41 dərəcəyə qədər yüksələn hərarət, üşütmə, halsızlıq, əzələ ağrılarıdır". 

Ekspertin sözlərinə görə, xəstəliyə yoluxmuş insan heç bir əlamət hiss etməsə də, virusu başqalarına yaya bilər: "Xəstəliyə yoluxan kimi əlamətlər başlamır. İnkubasiya dövrü deyilən sakit bir dövr keçir. Bu bir neçə saatdan tutmuş bir neçə günə qədər çəkə bilər. Yoluxmadan sonra qızdırma bir neçə gün çəkir, ola bilər 4-5 günə qədər davam eləsin. Sonra  öskürək çoxala bilir, müxtəlif əlavə simptomlar əmələ gələ bilir. Hətta yuxarı tənəffüs yolları infeksiyalarına aid olmasına baxmayaraq, bəzən bağırsaq pozulması, ishal, qarında ağrılar da ola bilər".  

Həkim əlavə edir ki, qrip xəstəliyinin müalicəsində xəstəliyin ətrafa yayılmaması və orqanizmin immun sisteminin yüksəldilməsi üçün 2-3 gün  yataq rejiminə riayət olunmalıdır: "Xəstənin qızdırması varsa, qızdırmasalıcı həblərdən, qrip əleyhinə preparatlardan istifadə olunması, çoxlu maye qəbul olunması məsləhət görülür". 

E.Süleymanov peyvəndlərin önəminə də  diqqət çəkib: "Xəstəliyin qarşısını almaq üçün ən yaxşı yollardan biri də vaxtaşırı peyvəndlərin olunmasıdır.  Azərbaycanda qrip əleyhinə vaksinasiya var, qrip peyvəndləri olunur. Qripin bir neçə növünə qarşı virus əleyhinə peyvənd aparılır və xəstəliyin qarşısını böyük faizlə ala bilir". 

Türkanə Muradlı,

Sitat.info 



Xəbər xətti