Rusiya ilə savaşı bitirmək Qərbin əlindədir - Zelenskinin "Qələbə planı" baş tutacaqmı?

10:02 17 Oktyabr 2024

"Prezident Vladimir Zelenskinin ölkə parlamentində açıqladığı “Qələbə Planının” birinci müddəası kimi Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi göstərilib. İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır: "Volodimir Zelenski bildirib ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər. Bəs dəstəklənməsə, necə olacaq? Bu sualın cavabı yoxdur. Çünki, müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır. Bu isə Zelenskinin “Qələbə Planının” əsas bəndidir".

E.Şahinoğlu hesab edir ki, Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır:  "Belə olan halda görəsən Zelenski “Qələbə Planının” reallaşmasını necə təsəvvür edir? Ukrayna və onun Prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var. Zelenskinin “Qələbə Planı” Ukraynadan çox Qərbin üzərinə məsuliyyət qoyur. Bu bir növü o deməkdir ki, Qərb bu planı dəstəkləməsə Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq. Zelenskinin “Qələbə Planını” bu şəkildə hazırlamasının əsas məqsədi elə budur".

Məğrur,

Sitat.info



Xəbər xətti