"Son vaxtlar Hindistandan, Fransadan, eləcə də digər dövlətlərdən Ermənistana silah satışı ilə bağlı məlumatlarımız var. Eyni zamanda sərhəddə binokl diplomatiyası həyata keçirən vizual kəşfiyyatçıların da silah-sursatının və şəxsi heyətinin artması bir daha göstərir ki,ermənilər böyük tədbirlər öncəsi həmişə olduğu kimi təxribata hazırlaşır. Son vaxtlar bütün sərhədboyu atıcı silahlarla bərabər, zirehli texnikanın da cəmlənməsi müşahidə olunur. Bunlar dünyaya göstərmək istəyir ki, guya COP 29 ərəfəsində və yaxud tədbirdən sonra, Azərbaycan Ermənistan ərazilərində müəyyən təxribatlar törətməyə çalışacaq. Lakin bunlar absurd məsələdir. Çünki bu, ermənilərin dəsti -xəttidir. Bilirlər ki, hər bir təxribatın qarşısı Azərbaycan tərəfindən alınacaq və adekvat addımlar atılacaq. Buna görə də, silah -sursatı ora yığmaqla müəyyən bir təxribat törədib, Azərbaycanın cavab atəşindən sonra bütün dünyaya yayacaqlar ki, məhz Azərbaycan belə bir addımlar atır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komissiyasının sədri Arzu Nağıyev deyib.
O bildirib ki, bununla əlaqədar olaraq Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də müvafiq əmr verilib: "Sərhəddə və təmas xəttində daha ayıq-sayıq olmalıyıq. Məlumdur ki, Azərbaycan ən müasir silahlarla, texnika və texnologiya ilə təchiz olunmuş orduya malikdir. Suda, quruda, dağ şəraitində, səhra şəraitində döyüşməyə hazır olan döyüşkən bir ordumuz var. Bu proseslərin hamısına tam şəkildə nəzarət olunacaq. Bizim heç kimin torpağında bir gözümüz yoxdur və kiminsə torpağını almaq fikrimiz də yoxdur. Sadəcə olaraq suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək üçün əlimizdən gələni etməyə hazırıq və bu belə də olacaq".
Millət vəkili əlavə edib ki, qonşu dövlətlər də bu məsələyə adekvat reaksiya verməlidirlər: "Bir sıra qonşu dövlətlər, eyni zamanda İran da hərəkətə keçməli və öz sərhədlərinin çox yaxınlığında NATO hissələrinin bu qədər silah toplanmasına ciddi reaksiya verməlidir. Regionda baş verə biləcək istənilən hadisə təbii ki, böyük bir ocağın yaranmasına gətirib çıxara bilər. Bunun da qarşısını almaq çətin olacaq. Buna görə də artıq beynəlxalq təşkilatlar səviyyəsində, BMT və digər səviyyələrdə ermənilərin öz yerinə otuzdurulmasının artıq vaxtı gəlib çatıb. Ermənilərdən vasitə kimi istifadə edərək öz məkrli siyasətlərini həyata keçirən Qərb və havadarları bilməlidirlər ki, bu prosesdə müstəqil siyasət həyata keçirən Azərbaycan hər cürə imkanlara malikdir".
Məğrur,
Sitat.info