"Boşanmaların artmasında serialların və bəzi televiziya proqramlarının birbaşa rolu var" - Sosioloq

12:30 18 Oktyabr 2024

Bu gün televiziya vasitəsinə insanların evinə  ayaq açan bəzi televiziya verilişləri və seriallar həm insanların psixi sağlamlığına təsir edir, həm də ailə institutunu sıradan çıxarır. Xüsusilə şəxsiyyət kimi formalaşma prosesi keçən yeniyeymələr, informasiya savadlılığı aşağı olan və izlədiklərini analiz etmədən qəbul edən azyaşlılar, yeniyetmə və gənclər təsir altında qalırlar. Təəssüf ki, valideynləri ilə daha az zaman keçirən yeniyetmələr bu seriallara, proqramlara baxaraq böyüyürlər. Hətta yetişkin insanların belə düşüncə və davranışlarında izlədikləri bu mənfi yüklü proqramların, serialların izlərini görmək mümkündür. Seriallar bir çox negativ halları adiləşdirir, boşanmaları stimullaşdırır, insanlarda dözümsüzlük yaradır.  

Mövzu ilə bağlı Sitat.info-ya danışan sosioloq Lalə Mehralı da bildirdi ki, bəzi seriallar ailə institutu ilə bağlı normaları darmadağın edir: "“Serialların bizim ölkəyə ayaq açdığı tarixi xatırlayın. 30 il əvvəl Sovet İttifaqının dağılmasından sonra  efirlərimizə müxtəlif ölkələrin teleməkanından gələn teleseriallar, özəlliklə Braziliya serialları hər şeyin başlanğıcı oldu. Baxsaq görərik ki, bu seriallarda bizə öz qardaşı qızı ilə evlənən əmi, öz bibisinə aşiq olan gənc kimi obrazlarla absurd fikirlər aşılamağa və bunları normallaşdırmağa çalışdılar. Belə fikirləri cəmiyyətə məhz o gündən indiyə qədər gələn bu seriallar, biabirçı layihələrlə göstərdilər. Elə etdilər ki, 30 il qabaq bizim heyrət etdiyimiz mövzular bu gün həyat tərzimizə çevrilib”.

Sosioloq bildirib ki, boşanmaların sayının artmasının belə proqram və seriallarla birbaşa əlaqəsi var: "Bu gün Azərbaycan gənci seriallardakı kişini və qadını nümunə götürür. Orada azadlığı azadlıq kimi yox, başıpozuqluq kimi göstərib gənclərimizin beynini yeyirlər. Bunun nəticəsində də məsuliyyətsiz bir nəsil yetişir. Boşanmaların statistikasına baxanda görürük ki, serialların ölkəyə ayaq basdığı dövrlə boşanmaların artma statistikası eyni dövrə düşür”. 

L.Mehralı deyib ki, ölkəmizdə çəkilən seriallarda da, televiziya proqramlarında da əsasən ailə dəyərlərinə zidd materiallar efirə verilir: "Kifayət qədər yaxşı seriallar çəkmək olar. Mənəviyyatla bağlı  tarixi filmlər və s. Ancaq bizimkilər ailə dəyərlərinə zidd, qadın zorakılığı, hətta uşaq istismarını göstərən seriallar çəkməyə meyllidirlər. Bu gün xüsusi ilə gənc qızlarımız da bu tərz seriallara baxıb elə düşünürlər ki, dünyada onlardan başqa bütün qadınlar yaxşı yaşayır.  Bir növ insanları aludə etməyə çalışırlar ki, dünyada belə həyatlar var.  Seriallarda sabun köpüyündən fərqlənməyən vəziyyətləri sanki reallıqmış kimi insanların beyninə yeritməyə çalışırlar. Bu da insanların, xüsusən də gənclərin psixologiyasına birbaşa təsir edir”.


Fatima Zeynal,

Sitat.info



Xəbər xətti