"Sinvarı, Haniyeni, Şeyx Əhməd Yasini "yetişdirən" İsraildir" - Siyasi şərhçi Yəhya Sinvardan yazdı...

14:58 18 Oktyabr 2024

"Yəhya Sinvar öldü. Bu, bu il ərzində ölən növbəti "60-cılar nəsli" nümayəndəsidir. Bir-bir gedirlər, yerlərinə daha gənc və bəlkə daha bilikli və barışmazlar gələcək. Sinvar 1962-ci ildə Xan Yunis qaçqın düşərgəsində anadan olmuşdu, sonra da ömrü həbsxanada və müharibədə keçdi. Əslində özünün də dediyi kimi yaşadığı həyatın məntiqi sonluğu bu şəkildə əlində silah vuruşaraq ölmək idi".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu yazıb. 

O qeyd edib ki, Sinvar 22 il, 1989-cu ildən 2011-ci ilə qədər İsrail həbsxanalarında saxlanılıb: " Fikir verin, qaçqın düşərgəsində anadan ol, 22 il həbs yaşa və vuruşaraq öl. Bunu həmişə yazıram, Sinvarı, Haniyeni, Şeyx Əhməd Yasini "yetişdirən" İsraildir.  İsrailin işğalı olmasaydı Şeyx Əhməd Yasin orta məktəb müəllimi, Sinvar yəqin ki, məscid imamı (universitetdə ilahiyyat təhsili alıb) olaraq həyatıni başa vuracaqdı. Amma tarix və tale onları başqa tərəfə sürüklədi, amma özləri seçmişdilər bu yolu, məntiqi nəticəsini də bilirdilər".

K.Rövşənoğlu qeyd edib ki, bu müharibəni bitirmək İsrailin əlindədir: "Amma bu işin sonu yoxdur, İsrail müharibəni başa çatdırmalı, işğala son qoyub, Fələstin dövlətini tanımalı, işgal etdiyi torpaqlardan çıxmalıdır. Əks halda Fələstində sinvarlar bitməyəcək".

Seymur,

Sitat.info



Xəbər xətti